"Zəif rəqib yoxdur, zəif hazırlıq var"

18:43 - 30 Yanvar 2014

Ruslan Əmircanov: "AZAL-ın “Neftçi” kimi komandanı məğlub etməsini unutmaq olmaz"
 
Komandanın müdafiəçisi Ruslan Əmircanov Premyer Liqanın 19-cu turu çərçivəsində keçiriləcək “İnter”-AZAL matçına münasibətini açıqlayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Əmircanov AZAL-ın zəif komanda hesab etmir: 
 
“AZAL zəif rəqib deyil. Toplanış zamanı internet saytlarında bu komandanın hazırlığı barədə oxudum və bilirəm ki, onlar bir neçə yoxlama matçı keçiriblər və bir necə yeni futbolçuyla müqavilə imzalayıblar. Bu komandaya Vaqif Sadıxov rəhbərlik edir və mən də onun rəhbərliyi altında çalışmışam. Bilirəm ki, bu çalışdırıcı üçün əsas məsələlərdən biri nizam-intizam məsələsidir. İlk dövrədə AZAL bizi məğlub etmişdi. Həmin oyunda onlar yaxşı hücum etməyi bacaran formalaşmış komanda təəssüratı yaratmışdılar. Ümumiyyətlə, çempionatda zəif rəqib qalmayıb. Zəif rəqib yoxdur, zəif hazırlıq var. Bu oyuna ciddi hazırlaşmaq lazımdır. Fasilə öncəsində AZAL-ın “Neftçi” kimi komandanı məğlub etməsini unutmaq olmaz. 
 
Bütün komandalar istər mövsümün başlanğıcında, istərsə qış fasiləsindən sonrakı ilk matçda özlərini yaxşı tərəfdən göstərmək istəyir. Bəli, AZAL-ı meydanında məğlub etmək bizə müyəssər oldu, ancaq bu, bizi rahatlaşdırmamalıdır. Ona görə ki, yenidən qələbə qazanmaq üçün bizə 90 dəqiqə mübarizə aparmaq lazımdır”.
 
Qeyd edək ki, “İnter”-AZAL matçı fevralın 2-də başlayacaq. Start fiti saat 17.00-da çalınacaq.

Xəbər xətti