Qəbələdə zirvə mübarizəsi

13:06 - 6 Fevral 2014

"Qəbələ” 5 oyundur ki, “Qarabağ”ı məğlub edə bilmir
 
Azərbaycan Premyer Liqasının 20-ci turunun mərkəzi oyunu Qəbələ keçiriləcək.
 
Sportal.az xəbər verir ki, yerli “Qəbələ” ilə Ağdam “Qarabağ”ının mübarizəsi turnir cədvəlində liderin müəyyən olunması baxımından çox əhəmiyyətlidir. Ötən tur “Qarabağ”ın ev oyununda “Xəzər Lənkəran”a məğlub olaraq xal itirməsindən maksimum faydalanan “Qəbələ” turnir cədvəlinin vahid lideri oldu. Ötən tur “Neftçi”nin də qələbə qazanması ilə birdən-birə iki pillə geri düşən ağdamlılar yenidən turnir cədvəlinin lideri olmaq üçün səfər oyununda mütləq qələbə qazanmalı və “Neftçi”nin çətin Lənkəran səfərində xal itirməsini gözləməlidir.
 
Komandaların qarşıdurmasında “Qarabağ” üstünlüyə malikdir. 10 dəfə rəqibini məğlub edən ağdamlılar, 7 dəfə xalları bərabər bölüb. 5 oyunda isə “Qəbələ” meydanı 3 xalla tərk edib. Qeyd edək ki, “Qəbələ” artıq 5 oyundur ki, “Qarabağ”ı məğlub edə bilmir. Bu oyunlarda cəmi 1 xal toplaya bilən “Qəbələ” buna keçən ilki ev oyununda nail olub. Komandalar arasında bu mövsüm keçirilən hər iki oyunda ağdamlılar sevinib (1:0, 4:3). Hər iki komandanın heyətində cəzalı futbolçunun olmaması məşqçiləri sevindirməyə bilməz. “Qəbələ”nin əsas qol silahı Daniel Subotiç də artıq cəzasını başa vurub və əsas heyətdə yer alacağı gözlənilir.

Xəbər xətti