Emin Abbasov: "Dövlət futbolun təbliğatı üçün telekanallara vəsait ayırmalıdır"

23:29 - 9 Fevral 2014

“Azərbaycanda futbolun təbliğatı çox zəifdi”

 

Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti şah oyunu keçirilib. Lakin oyun televiziya vasitəsilə nümayiş etdirilmədiyi üçün çoxsaylı azarkeşlər “Xəzər Lənkəran” – “Neftçi” matçını izləyə bilməyiblər. Futbolumuzda tez-tez yaşanan belə hadisələri necə tənzimləmək olar? Bu sualla tanınmış telejurnalist Emin Abbasova müraciət etdik:

 

“Bildiyiniz kimi, “Xəzər Lənkəran” tərəfi bu oyunun göstərilməsi üçün pul tələb edib. Lənkəran klubu istənilən telekanalın tələb olunan məbləği ödəyərək matçı yayımlaya biləcəyini deyib. Prinsipcə, “Xəzər Lənkəran” bu məsələdə haqlıdı. Çünki digər futbol çempionatlarının təcrübəsində də belədir. Çempionatı təşkil edən qurum yayım hüququnu hər hansı telekanala satır və əldə olunan gəlir bütün klublar arasında bölüşdürülür. Bizdə isə nə çempionatın yayım hüququnu alan, nə də klublara düşən pay var. Ona görə də, vəziyyət belə qəliz xarakter alır.

 

Ümumiyyətlə, Azərbaycanda futbolun təbliğatı çox zəifdi. Məsələ ondadır ki, futbolu təbliğ etmək üçün müəyyən vəsait xərclənməlidi. Ancaq kanal rəhbərləri futbolun işıqlandırılmasına vəsait ayırmaq istəmirlər. Oyunun yayımlanması üçün efir vaxtı ayrılmalı, xüsusi avadanlıq çəkiliş yerinə göndərilməli, işçi qrupu ezam olunmalı, sputnik və s. xərclər ödənməlidi.

 

Əgər futbolun kütləviləşməsini istəyiriksə, telekanallarda futbolun təbliğini artırmalıyıq. “İdman Azərbaycan” telekanalını çıxmaq şərti ilə, digər telekanallarda futbola ya heç vaxt ayrılmır, ya da ki, çox az. Bu gün futbol verilişlərinin sayını və keyfiyyətini artırmaq lazımdı. Türkiyədə Markus Merk kimi tanınmış simanı dəvət edib verilişin reytinqini artırmağa çalışırlar. Bizdə isə oxşar xarakterli verilişlər illərdi ki, durğunluqdan çıxa bilmirlər.

 

Bu vəziyyəti dəyişmək üçün dövlət futbolun da təbliğatı üçün telekanallara vəsait ayırmalıdır. Serialların çəkilişi üçün hər telekanala 300 min manat pul verilib. Analoji addım futbol verilişləri ilə bağlı da atılsa, bu sahənin təbliğinə nail ola bilərik. Əks halda, belə vəziyyət hələ çox davam edəcək. Qəbul etmək lazımdır ki, futbolun populyarlaşması üçün təbliğat çox vacibdi”. 

Xəbər xətti