Premyer Liqada 6-cı avtoqolun müəllifi "böyük oyun"da

16:11 - 10 Fevral 2014

Tieqo de Xesus “Xəzər Lənkəran”ın tarixinə düşdü
 
Azərbaycan Premyer Liqasında mövsümün 6-cı avtoqolu qeydə alınıb.
 
Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilmiş matçda ilk top braziliyalı Tieqo de Xesusun avtoqolu sayəsində qeydə alınıb. Lənkəran təmsilçisinin cənubi amerikalı futbolçusu 2:2 hesabı ilə başa çatan görüşdə erkən qolla rəqib komandanı sevindirib.
 
Tieqo mövsümdə ilk, çempionatlar tarixində 15-ci futbolçu oldu ki, “Neftçi” ilə oyunda öz qapısına qol vurdu. Paytaxt təmsilçisi isə biri cari mövsümdə olmaqla, ümumilikdə 10 dəfə avtoqola üzülüb.
 
İndiyədək 5 dəfə rəqib avtoqoluna sevinən “Xəzər Lənkəran” nəinki cari mövsümdə, ümumiyyətlə Premyer Liqa tarixində ilk dəfə öz qapısına qol vurulmasının acısını yaşadı. Bu matçadək “Xəzər Lənkəran”ın heç bir üzvü çempionatda öz qapısına qol vurmamışdı.
 
“Böyük oyun”lar tarixində isə 2-ci avtoqol qeydə alındı. İlk belə uğursuz “Neftçi”də oynadığı vaxt öz qapısına qol vuran Ruslan Abışov olmuşdu.
 
Qeyd edək ki, mövsümün ilk 19 turunda 5 avtoqol qeydə alınmışdı. “Sumqayıt”ın futbolçuları Adil İbrahimov “İnter”, Anar Nəzirov “Qarabağ”, “Neftçi”nin legioneri Erik Ramos “Bakı”, “Qəbələ”nin oyunçusu Amit Quluzadə “Simurq”, “Bakı”nın ispaniyalısı Mario Alvares “Sumqayıt”la oyunda öz qapısına qol vurmuşdu.

Xəbər xətti