"Çempion olmasaq, bunu faciə saymaram" MÜSAHİBƏ

15:43 - 11 Fevral 2014

Nizami Hacıyev: "İnanıram ki, Foqtsa özümü yaxşı tərəfdən göstərə bilmiəm"
 
 
"Qəbələ"nin yarımmüdafiəçisi Nizami Hacıyevin Sportal.az-a müsahibəsi
 
 
- Premyer Liqada ardıcıl olaraq "Qarabağ"a 3-cü dəfə məğlub oldunuz. Məğlubiyyətə necə şərh verərdin?
- Oyundan öncə "Qarabağ"ı analiz etmişdik. Bilirdik ki, Ağdam təmsilçisi çempionatın ən güclü komandasıdır. Yaxşı komandadır, heyəti güclüdür, çempionluğa oynayan komandadır. Məqsədimiz qələbə idi, liderliyimizi qorumaq istəyirdik. Bu matçda biz öz oyunumuzu tapa bilmədik. 90 dəqiqə ərzində demək olar ki, heç nə edə bilmədik. Futbolçular öz potensialını göstərə bilmədi. 
 
- III dövrənin ilk oyununda "Qarabağ"ın "Xəzər Lənkəran"a məğlubiyyəti sənin üçün gözlənilməz oldu?
- Yox. "Xəzər Lənkəran" elə-belə komanda deyil. Bu dəqiqə çempionatımızda inkişaf o yerdədi ki, 7-ci yerdə gedən "Xəzər Lənkəran" çempionatın lideri "Qarabağ"ı məğlub edir. Bu da, istər-istəməz çempionata marağı artır. Bizim liqadan hər şey ola bilər.
 
- Yeri gəlmişkən növbəti tur Qəblədə "Xəzər Lənkəran"ı qəbul edəcəksiniz...
- Güclü rəqibə qarşı oynayacağıq. "Qarabağ"la oyunu unutmalıyıq. Çempionatın ilk pillələrində qərarlaşan "Qarabağ"ı məğlub edib, "Neftçi" ilə heç-heçə oynayan komanda ilə işimiz asan olmayacaq. Baş məşqçi bizə nə desə, biz çıxıb meydanda onu edəcəyik. Biz bu oyunda ancaq 3 xala oynayacağıq. Əgər çempion olmaq istəyiriksə, bu oyunu mütləq qazanmalıyıq. Rəqibə də hörmətlə yanaşırıq.
 
- Səncə, Mustafa Dənizli "Xəzər Lənkəran"ı dəyişə bilib?
- Son iki oyunun nəticəsinə görə nəsə demək çox çətindi. Belə baxanda "Xəzər Lənkran" ilk dövrələrdə "Neftçi"yə v "Qarabağ"a məğlub olmuşdu. Hiss olunur ki, komandada əhval-ruhiyyə yüksək səviyyədədir, özlərinə gəlirlər. Dənizli adlı-sanlı məşqçidir. İnanıram ki, onun "Xəzər Lənkəran"a xeyri dəyəcək.
 
- Bu vaxta qədər bir çox məşqçilərlə çalışmısan. Yuri Syominlə işləmək çətindi?
- Deyərdim ki, çox asandı. Bu məşqçi bizdən anlaşılmaz şeylər tələb etmir. Bizə hər şeyi çox asan, tez, rahat başa salır. Futbolçuların səhvlərini deyir və özü də birgə başlayır o səhləri düzəltməyə. Mən işlədiyim məşqçilər arasında ən yaxşılarından biri məhz Syomindir. Bəlkə də mən onu yaxşı başa düşürəm deyə mənə hər şey rahat gəlir.
 
- "Qəbələ" qış fasiləsində heyətini güclü futbolçularla gücləndirdi. Marat İzmaylov, Kamran Ağayev kimi tanınmış futbolçuları heyətinə qatdı. Bu transferlərlə komandanız cari mövsüm çempion olmasa, sənin üçün bu faciə sayıla bilər?
- Çempionluq uğrunda mübarizə aparmaq həmişə çətin olub. Çempion olmasaq, mən bunu fəlakət adlandırmaram. Düzdü, komandamızın heyətində çıxış edən futbolçuların səviyyəsi çox yüksəkdi. Bizim çempion olmaq imkanlarımız var. Bütün futbolçular çempion omaq üçün əllərindən gələni əsirgəmirlər. "Qəbələ" yeni yaranmış komandadır. Keçən ilki heyətdən demək olar ki, 2-3 futbolçu komandada qalıb. Əgər komanda yeni heyət ilə ilk pillələrdə qərarlaşıbsa, artıq bu nədənsə xəbər verir. Biz bir şeyi dərk edirik ki, çempion omaq üçün qarşımızda əla fürsət yaranıb və bundan istifadə etməliyik. 
 
- Davamlı olaraq komandanın əsas heyətinin əvəzedilməz üzvüsən. Bu sənin milli komandaya gedən yolunu açacaq?
- Milli komanda hər bir futbolçunun çıxış etmək istədiyi yerdi. Çox istərdim ki, milli komandada çıxış edim. "Qəbələ"nin heyətində canla-başla əlimdən gələni edirəm. Əgər millidə çalışanlar mənə etimad göstərib yığmaya dəvət etsə, əlimdən gələnin ən yaxşısını etməyə hazıram. 
 
- Bildiyimizə görə Antalyada yoldaşlıq görüşlərinin birində millinin çalışdırıcı Berti Foqts səninlə bir neçə dəqiqə söhbət edib. Sirr deyilsə, o sənə nə dedi?
- İlk 45 dəqiqə meydanda oldum. Sonra əvəzləndim. Berti Foqts da bizim oyunu izləyirdi. Mən yaxınlaşıb onunla salamlaşdım. O isə mənə 45 dəqiqə ərzində yaxşı mübarizə apardığını bildirdi. Mən bilirdim ki, Foqts oradadır və çalışırdım ki, özümü ona ən yaxşı tərəfdən göstərə bilim. İnanıram ki, ona özümü ona yaxşı tərəfdən göstərə bilmişəm.
 
Şahin OĞUZ

Xəbər xətti