AFFA-nın həqiqətən Berlində futbol məktəbi varmı? – Mikayıl Nərimanoğlu "hə" deyir, biz isə inanmırıq!

11:24 - 20 Fevral 2014

Niyə bu illər ərzində AFFA-nın saytında  heç bir məlumat yerləşdirilməyib?

 

Bir neçə il əvvəl AFFA Berlində yaşayan 3000 nəfərdən artıq azərbaycanlıların övladlarının futbolla məşğul olmasına şərait yaradılması üçün futbol məktəbi açdığını elan etdi. Lakin sonradan bu layihənin mövcud olması ilə bağlı heç bir məlumat olmadı.

 

Bu məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Mikayıl bəy belə bir məktəbin mövcud olduğunu dedi:

 

“Berlindəki futbol məktəbi o vaxtdan fəaliyyət göstərir”.

 

Lakin Nərimanoğlu Berlindəki məktəbin fəaliyyətinin bu illər ərzində işıqlandırılmamasına heç bir izah vermədi. Təsəvvür edin ki, Berlindəki futbol məktəbində ölkəmizin ən böyük futbol akademiyaları sayılan “Bakı” və “Qəbələ”dən az qala 10 dəfə çox uşaq futbolla məşğul olur. AFFA-nın əməkdaşlarının ən əhəmiyyətsiz səfərləri barədə xəbərləri rəsmi saytda yerləşdirən qurum isə bu illər ərzində Berlindəki futbol məktəbi haqqında heç bir məlumat yerləşdirməyib. Axı, belə bir məktəb varsa, oraya xeyli miqdarda pul yatırılır. 

 

Gördükləri ən xırda işi böyük təqdim etməyə çalışan AFFA-nın Berlindəki uşaq futbol məktəbi barədə susqunluğu şübhə doğurur. AFFA-nın həqiqətən Berlində futbol məktəbi varmı? – Mikayıl Nərimanoğlu “hə” deyir, biz isə inanmırıq!

Xəbər xətti