Elias: "Qol epizodlarını AZAL-a hədiyyə etdik" MÜSAHİBƏ

09:00 - 24 Fevral 2014

"Əsas odur ki, burada özümü xoşbəxt hesab edirəm"
 
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Ribeyro de Olivyera Eliasın Sportal.az-a müsahibəsi:
 
- AZAL-la oyunda son dəqiqədə buraxdığınız qolla qələbəni əldən verdiniz...
- Qalib gəldiyin oyunda son dəqiqə qol buraxaraq qələbəni əldən vermək təbii ki, adama təsir edir. Hesab 2:0 olarkən tez arxaya çəkildik, topu özümüzdə saxlamaq əvəzinə, rəqibi müdafiədə qəbul etdik. Çalışacağıq ki, növbəti oyunlarda belə hallara bir də yol verməyək.
 
- İkinci hissədə erkən qol vurdunuz, sanki bu qoldan sonra komanda arxaynlaşdı...
- Sizinlə razıyam, fərqi artırandan sonra komanda bir az arxaynlaşdı. Bununla belə rəqibə qol şansları vermədik. Sadəcə, xırda səhvlər ucbatından rəqibə  qol vəziyyətlərini hədiyyə etdik, onlar da bundan istifadə etdilər.
 
- Hakimlərin idarəçiliyindən razı qaldın ?
- Mən desəm ki, orda penalti var idi və ya yox idi, yalan olar. Çünki həmin epizodu görmədim, uzaqdaydım. Yalnız videoyazıya baxdıqdan sonra bu barədə nəsə fikir yürütmək olar. Ümumiyyətlə, hakimlərin idarəçiliyi normal idi.
 
- Bu oyuna “Xəzər Lənkəran”da ilk dəfə əsas heyətdə meydana çıxdın. Demək olar ki, komandaya uyğunlaşmısan ?
- Əsas odur ki, burada özümü xoşbəxt hesab edirəm. Start heyətində də meydana çıxdım. Düşünürəm ki, oyunum heç də pis alınmadı, getdikcə daha da yaxşı oynamağa çalışacam.
 
- Bu turda digər iddialı komandalar ( “Qarabağ”, “Neftçi”, “İnter”, “Qəbələ”, “Bakı”) xal itirdi. Bu oyundakı xal itkisi sonradan sizdə peşmançılıq yaratmayacaq ki?
- Təəssüf ki, alınmadı. Nə etmək olar ? Bu oyunun acısı ilə də yaşamaq olmaz. Artıq bu oyunu unudub qarşıdakı matçlara konsantrasiya olmalıyıq.
 
- Növbəti oyun “İnter”lə qarşılaşacaqsınız. “Xəzər Lənkəran” 2014-cü ildə meydan sahibi kimi qələbə qazana bilməyib. Bu barədə nə düşünürsən ?
- Bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Bu oyunda meydana yalnız üç xal üçün çıxacağıq. Necə ki, səfərdə rəqiblər bizə oynamağa imkan vermir, biz də onların oynamağına icazə verməyəcəyik.
 
Yusif HÜSEYN

Xəbər xətti