"Qəbələ"nin futbolçusu: "Hər ailədə belə söz-söhbətlər olur" MÜSAHİBƏ

17:50 - 27 Fevral 2014

"İstəyirəm, "Neftçi" - "Qarabağ" matçı heç-heçə başa çatsın"
 
"Qəbələ"nin cinah müdafiəçisi Ruslan Tağızadənin Sportal.az-a  müsahibəsi: 
 
- "Rəvan"la oyunda əlinizdə kifayət qədər şans olsa da, qalib gələ bilmədiniz..
- Öz meydanımızda azarkeşlərimizin qarşısında oynayırdıq. Qələbə qazanıb həm klub rəhbərliyini, həm də azarkeşlərimizi sevindirmək istəyirdik, amma alınmadı. Əlimizdən gələni etdik, sadəcə rəqibin bəxti gətirdi. İrəlidə çox oyunlar var, çalışacağıq ki, qələbə qazanıb çempionatdakı mövqeyimizi yaxşılaşdıraq.
 
- Komandanız III dövrədə bir qədər inamsız təsir bağışlayır. Bunun səbəbi nədir ?
- Heç bir səbəb yoxdur, sadəcə hər komandada olduğu kimi biz də "qara zolağ"a düşmüşük. Növbəti oyunda qələbə qazanıb bu uğursuzluğa son vermək istəyirik.
 
- Son oyunda komanda yoldaşların Elnur Allahverdiyev və Dodo arasında mübahisə baş verdi. Bəlkə uğursuzluğun səbəbi bunlardır ?
- Komandada heç bir çəkişmə yoxdur, ola da bilməz. Hər oyunda elə hadisələrə rast gəlmək olur, əsas odur ki, aralarında baş verən mübahisə tez qurtardı. Biz burada bir ailəyik, hər ailədə belə söz söhbətlər olur, əsas odur ki, indi hər şey qaydasındadır.
 
- Azarkeşlərin sizdən narazı olması komandaya psixoloji təzyiq etmir ?
- Yox, azarkeşləri biz başa düşürük. Biz də futbolu onlar üçün oynayırıq, belə uğursuz nəticələr görəndə, narazı olmaqları normaldır. Biz də çalışırıq ki, qələbə qazanıb onları sevindirək.
 
- Sabah "Simurq"la səfərdə qarşılaşacaqsınız...
- Rəqibimiz haqqında kifayət qədər məlumata sahibik. Bilirik ki, "Simurq" öz meydanında yaxşı təsir bağışlayır. Amma biz Zaqatalaya üç xal üçün gedirik.
 
- Sabah sizi yaxından maraqlandıran digər görüş Bakıda baş tutacaq. "Neftçi" - "Qarabağ" matçında kimin qalib gəlməsini istəyirsən ?
- Komandamıza sərf edən nəticə hər iki komandanın xal itirməsidir. Mən də istəyirəm, heç-heçə olsun.
 
Yusif HÜSEYN

Xəbər xətti