28 nömrəlinin 28-ci qolu

13:59 - 3 Mart 2014

Baçana Tsxadadze növbətini qolunu vurdu
 
Premyer Liqanın 24-cü turunda keçirilən “Xəzər-Lənkəran”-“İnter” matçında "bankirlər"in heyətində Baçana Tsxadadze fərqləndi.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, maraqlıdır ki, bu qol 28 nömrə altında oynayan futbolçunun “İnter”in heyətində vurduğu sayca 28-ci oldu. Xatırladaq ki, B.Tsxadadze “İnter”in heyətində 19 fevral 2011-ci ildə  MOİK-lə keçirilən oyunda debüt etmişdi. Bu oyun həmin mövsümdə onun “İnter”in heyətində keçirdiyi yeganə qarşılaşma olmuşdu. Ancaq növbəti çempionatda o, 29 oyunda meydançaya çıxmış və 7 qol vurmuşdu. 2012-2013-cü il mövsümündə B.Tsxadadze 29 oyun keçirmiş və 8 qolla fərqlənmişdi. Cari mövsümdə forvard 6 dəfə fərqləndi. Daha 4 qol Avropa Liqasında vurdu və 3 qolu Azərbaycan Kuboku turnirində aktivinə yazdı. Bu göstəricilə forvard hazırda klubun heyətində çıxış edən ən yaxşı bombardirdir.
 
Əlavə edək ki, Baçana Tsxadadzenin “Xəzər-Lənkəran”ın qapısından keçirdiyi bu qol sonuncunun qapısına vurduğu sayca 4-cü oldu. Hücumçu bunadək  “ağ-yaşılların” qapısını 3 dəfə dəqiq nişan almışdı.
 
Gürcüstanlı hücumçunun daha çox “Rəvan”ın (6 qol) və “Bakı”nın (5) qapısından qol keçirdiyini də qeyd etmək olar.

Xəbər xətti