Mahir Şükürov və Flavinyo üçün əlamətdar tur

10:43 - 4 Mart 2014

Flavinyo Mahirdən fərqli bütün oyunlarını "Neftçi”də keçirib
 
Azərbaycan Premyer Liqasının 24-cü turu “Neftçi”nin iki əsas heyət oyunçusu üçün əlamətdar olub.
 
Sportal.az xəbər verir ki, Mahir Şükürov Premyer Liqada 200-cü, Flavinyo isə 100-cü matçına çıxıb. 
 
Şükürov Azərbaycan çempionatlarının 22 illik tarixində 200 və daha çox oyun keçirən 100-cü futbolçu oldu. Ölkə çempionatında 14 il əvvəl debüt edən Mahir karyerasını Premyer Liqada davam etdirən oyunçular arasında “200”ü fəth edən 21-ci futbolçudur. Müdafiəçi “Neftçi”nin heyətində yalnız hesabında 284 oyun olan Rəşad Sadiqovdan geri qalır. Bu müddətdə 5 qol vuran Şükürov “Neftçi”də 68, “Karvan”da 38, “İnter”də 27, “Qəbələ”də 19, “Olimpik”də 18, “Şəfa”da 12, “Xəzər Lənkəran”da 11, “Kimyaçı”da 7 oyun keçirib.
 
Azərbaycanda 4-cü mövsümünü keçirən  Flavinyo Mahirdən fərqli bütün oyunlarını "Neftçi”də keçirib. Braziliyalı yarımmüdafiəçi paytaxt klubunun heyətində 100 və daha çox çempionat matçı keçirən 17-ci futbolçudur. Flavinyo “Neftçi”də 100 matç keçirən ilk legioner kimi də tarixə düşüb.
 
Ona qədər Azərbaycanda oynamış Braziliya futbolçuları arasında yalnız biri eyni klubda 100 oyun həddini aşmışdı. Bu “Karvan”da 101 qarşılaşma keçirən Ernani Pereyradır. Növbəti oyunda həmyerlisinə çatmaq imkanı olan Flavinyo 2 turdan sonra Azərbaycan klubuna ən sadiq braziliyalı adını əldə edəcək.
 
 

Xəbər xətti