Kamal Quliyevdən sərt ittihamlar: "Neftçi"nin çempion olmasını istəmirlər" MÜSAHİBƏ

15:52 - 5 Mart 2014

"Artıq futbolçular söz-söhbətləri kənara qoyub sakitləşməlidir"
 
"Neftçi"nin əvəzedicilərdən ibarət komandasının məşqçisi Kamal Quliyevin Sportal.az-a müsahibəsi
 
- "Neftçi" 5 oyundur ki, qələbə üzün həsrətdir. Komandanın uğursuz çıxışına səbəb nə oldu?
- Bizim futbolumuz elə də inkişaf etməyib ki, komandalar stabil çıxış etsinlər. Hər bir komandada eniş də olur, yüksəliş də. "Neftçi" bu gün çətin günlərini yaşayır. Buna da səbəb əsas aparıcı oyunçuların olmamasıdır. Hər şey Lənkəranda keçirilən "böyük oyun"dan başladı. Deyirik ki, əvəzolunmaz oyunçu yoxdu, amma bu bir daha sübut etdi ki, əsas fiqurlarsız komanda irəli gedə bilməz, uğur qazana bilməz. "Xəzər Lənkəran"la qarşılaşmada verilən qırmızı vərəqələr "Neftçi"ni uğursuzluğa sürüklədi. Hakimin səhv qərarları "Neftçi"ni demək olar ki, yıxdı. Bilirsiniz niyə?.
 
- Niyə?
- Yəqin ki, "Real Sosyedad" - "Barselona" matçını izləmisiniz. "Barselona"nın heyətində 3 dəyişiklik oldu və nəticədə komanda məğlubiyyətə uğradı. Dünyanın aparıcı klubu 2-3 itki ilə meydana çıxır və məğlub olursa, onda nədən danışaq?. Baxın, "Neftçi"nin müdafiə xəttinin aparıcı oyunçuları bir oyunda qırmızı vərəqə alaraq 4 oyunluq cəzalanırlar. Bütün bunlar komandanın qarşıdakı turlardakı uğursuluğuna yol açdı. Onları əvəzləyən gənc futbolçular isə ümidləri doğrultmadı. "Neftçi"də psixoloji durum acınacaqlı vəziyyətdədir. Komanda heç cür özünə gələ bilmir. 
 
- "Neftçi" kimi bir komandanın ən azından ehtiyyat qüvvəsi də güclü olmalıdır. Səncə ehtiyyatda qalanlar bu oyunlarda ümidləri doğrultmadı?
- "Neftçi"nin ehtiyyat skamyasında gənc oyunçular yer alır. Onlar üçün də belə bir şans yaranmışdı ki, özlərini bu oyunlarda göstərsinlər. Bu oyunçulara inam böyük idi. Həm rəhbərlik, həm də baş məşqçi onlara güvənirdi ki, məhz belə çətin anlarda komandaya kömək olacaq. Əslində həmin gənc futbolçular Antalyadakı təlim-məşq toplanışında özlərini yaxşı tərəfdən göstərmişdi. Bu gənclər elə bir fikir yaratmışdılar ki, "Neftçi"nin heç də aparıcı futbolçularından geri qalmırlar. Lakin zaman gəldi çatdı ki, onlar ələ düşən şansdan yararlana bilmədilər. Bir sözlə özlərini doğrultmadılar.Həmin cavanlar lazım olan anda klub rəhbərliyinin ümidlərini heçə endirdilər.
 
- Razılaşırsan ki, "Neftçi"də hücumçu problemi var. Yəni, komandanın vuran ayağı yoxdur...
- Sizinlə razıyam. İndi "Neftçi"ni çiynində daşıya biləcək və komandaya qələbə qazandıra biləcək hücumçu yoxdur. Bahdır Nəsimov formasından tam uzaqdır. Ola bilsin ki, futbolçunun zədələnməsi, onun formaya düşməsinə mane oldu. Artıq bir müddətdir ki, hücumçu oynamır. Oyun praktikası olmayanda futbolçu da əziyyət çəkir. Melvin Platye hələ də komandaya uyğunlaşa bilməyib. Elə bil ki, futbolçunun bəxti bağlanıb.Hər iki futbolçu qol epizodlarından lazmınca yararlana bilmir. Xüsusən də Melvin Platyeni deyərdim. "Bakı" ilə oyun bir daha göstərdi ki, futbolçu adaptasiya dövrünü keçə bilməyib.
 
- Flavinyo da əvvəlki kimi oynamır. Bununla razısan?
- Əvvəllər daha yaxşı təsir bağışlayırdı. Bir neçə ilki Flavinyo tam fərqli idi. Daha sürətli, çevik və istəkli idi. Hardasa futbolçunu da qınamaq olmur. Ola bilər ki, rəqib komandalar Flavinyonun oyununu yaxşı təhlil edib. Onun qarşısını necə almağın yollarını digər mütəxəssislər bilir. Hər bir oyunda futbolçunu ən azı iki müdafiəçi qarşısını kəsir. Əslində bu "Neftçi"nin xeyrinə olmalıdır. Flavinyoya nəzərət nə qədər güclənsə, artıq "Neftçi" say üstünlüyü qazanır. Baxın, həmin anda "Neftçi"dən birisi çıxıb oyunu öz üzərinə götürüb komandaya xeyir verməlidir. Ama həqiqət odur ki, "Neftçi" hücumçu sarıdan axsayır. Hardasa Flavinyonun enişdə olmasının özü ilə də bağlamaq olar. Ola bilər ki, ardıcıl olaraq "Neftçi" ilə 3 dəfə çempion oldu, Ölkə kubokunu qazandı və Avropa Liqasında oynadığı üçün bir qədər rahatlaşıb. 
 
- Bu qədər problemləri olduğu halda "Neftçi" niyə qış fasiləsində heyətini gücləndirə bilmədi?
- Bunu artıq mən deyə bilmərəm. Ola bilsin ki, baş məşqçi hazırki heyətlə yenidən çempionluq uğrunda mübarizə aparmaq gücündə olduğunu güman edirdi. Yəqin ki, Böyükağa müəllim məsləhət bilməyib. Komandanın güclənib güclənməməsinə baş məşqçi qərar verir. Kənardan baxanlara bu bir qədər asan gəlir. Komandanın daxilində baş verənləri baş məşqçi yaxşı bilir. 
 
- Son vaxtlar "Neftçi"yə qarşı təzyiqlərin olduğu deyilir. Səncə doğurdanmı hakimlər "Neftçi"yə qarşı qərəzli qərarlar verirlər?
- "Qarabağ"la oyunda bş verən hadisələr bir anlığa məni 1992-1993-cü il mövsümünü xatırlatdı. O vaxt elə "bardaq" açmışdılar ki, indi yaşananlar mənə o illəri xatırladır. Hakimlərin meydançada səhv qərarları belə qalmaqalların yaşanmasına gətirib çıxardıq. Bəli, hakimlər "Neftçi"yə qarşı qərəzli qərarlar verirlər və komandanın haqqını yeyirlər. "Qarabağ" 2:0 irəlidə olarkən Araz Abdullayevə qırmızı vərəqə göstərir. Onsuz da oyunun tempi ağır və "Neftçi" məğlub durumdadır. Orada qırmızı vərəqə verməyin yeridi? Aşkar görünür ki, Araz topa müdaxilə etmək üçün hərəkət edir. Onda da deyirlər ki, Riçard Almeydadan topu sərt olaraq oğurladı. Məgər Araz Abdullayev rəqibi tumarlayıb topu almalı idi? Vallah, adamın gülməyi gəlir. Hətta vəziyyət o yerə çatmışdı ki, Erik Ramos hakimin səhv qərarlarına dözə bilmirdi. O da hövsələdən çıxaraq artıq yumruq atırdı. Gör, hakim futbolçunu nə vəziyyətə salıb. Bu gedişlə ölkə futbolunda futbolçular arasında böyük qalmaqal yaşana bilər. Hakimin "Neftçi"yə etdiyi təyziqi bir kənara qoyuram, Vüsal Əliyev "Qarabağ"ın da uğuruna kölgə saldı. Araz Abdullayev heç bir qayda pozuntusuna yol verməmişdi. İntizam Komitəsinin də onun vərəqəsinin ləğv etməsi, bunu bir daha göstərdi. 
 
- Nəyə görə hakimlər "Neftçi"yə qərəzli olsunlar?
- Bilirsiniz niyə görə? Çünki "Neftçi"nin qazandığı uğurlar kimlərəsə sərf etmir. Komandanın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağı onları daxilində ikrah hissi oyadır. 3 il ardıcıl çempionluqdan sonra fikirləşirlər ki, bu mövsüm "Neftçi"nin qarşısını bu cür alsınlar. Hətta deyirlər ki, "Neftçi" neçə dəfə çempion olmalıdır ki? Ola bilsin kimərin kimləsə prinsipi var. Əslində şəxsi prinsipləri futbol aləminə qatmaq düzgün deyil. Əgər futbol meydanda oynanılırsa, prinsipləri kənara atıb bunu şəxsi həyatda aparaq.
 
- Bu cür təzyiqlərin qarşısında "Neftçi" ardıcıl 4-cü çempioluq istəyinə çata biləcək?
- Artıq futbolçular söz-söhbətləri kənara qoyub sakitləşməlidir. Yəni, komandada psixoloji durumu yaxşı vəziyyətə gətirməlidir. Hakimlərin hansısa səhv qərarına reaksiya verməməli, onlara qarşı olan hiddəti də futbolçular beyinlərindən atmalıdırlar. Qarşıda "Qəbələ" ilə çətin səfər oyunu var. "Neftçi" bu oyuna çempionluğa doğru atılacaq addım kimi baxmalıdır. "Neftçi"nin hər bir futbolçusu özünü bu oyunda sübut etməlidir ki, komanda həqiqətən də çempionluğa layiqdir. İnanıram ki, "Neftçi" bu çətin durumdan çıxacaq və ardıcıl qələbələr qazanacaq. Hər halda belə hakim təzyiqinin olmasına baxmayaraq "Neftçi" komanda olaraq sübut etməlidir ki, çempionatın ən güclüsüdür. Bununla da mövsümün sonunda komanda 4-cü dəfə çempioluğunu bayram edə bilər.
 
Şahin OĞUZ

Xəbər xətti