Skarlatake: "Xəzər Lənkəran" çempionluq üçün sona qədər vuruşacaq" MÜSAHİBƏ

12:16 - 6 Mart 2014

"Rəvan"la oyunda xal itirmək fikrimiz yoxdur"
 
"Xəzər Lənkəran"ın təcrübəli müdafiəçisi Adrian Skarlatakenin Sportal.az-a müsahibəsi:
 
- Zədən necədir ? "Rəvan"la oyunda meydanda ola biləcəksən ?
- Gündən-günə özümü daha da yaxşı hiss edirəm, amma yüz faiz hazır deyiləm. Dünəndən etibarən komanda ilə birlikdə məşqlərə başlamışam. Böyük ehtimalla, "Rəvan"la qarşılaşmada komandama kömək edə biləcəm.
 
- Bir neçə oyundur ki, "Xəzər Lənkəran" qələbə qazana bilmir. Bu uğursuzluğun səbəbi nədir ?
- Komanda qələbə üçün əlindən gələni edir, lakin bəxtimiz gətirmir, son iki oyunun hər birində qapımıza penalti təyin olunur. AZAL və "İnter" oyununda qələbəyə biz layiq idik.
 
- Komandanın əsas oyunçularından bir neçəsi bu oyunda forma geyinmirdi. Bu nə dərəcədə oyuna təsir etdi ?
- Bəli, komandanın əsas oyunçularından bir neçəsi zədəli idi. Bu da az da olsa, oyunumuza təsir etdi. Artıq bunlar geridə qaldı, biz çalışmalıyıq ki, bir neçə əvvəl qələbələrə sevinən "Xəzər Lənkəran"ı geri qaytaraq.
 
- Bu tur "Rəvan"la qarşılaşacaqsınız...
- Çətin oyun olacaq, rəqib son iki oyunda 4 xal toplayıb və hazırda psixoloji cəhətdən yaxşı vəziyyətdədir. Ancaq bizim də bu oyunda xal itirmək fikrimiz yoxdur, çünki bizə turnir cədvəlində irəliləmək üçün xal lazımdır.
 
- "Rəvan"la oyundan sonra "Xəzər Lənkəran" üçün çox önəmli olan kubokda "Araz Naxçıvan"la qarşılaşacaqsınız.  "Rəvan"la oyun sizə o qədər də vacib deyil. Bu fikirlə razısan ?
- Xeyr, hazırda komanda şənbə günü baş tutacaq oyun haqqında fikirləşir. Ancaq "Rəvan"la qarşılaşmadan sonra "Araz Naxçıvan" haqqında fikirləşməliyik.
 
- Artıq çempion olmaq "Xəzər Lənkəran" üçün qeyri mümkündür...
- Qeyri-mümkün yox, çətindir. Ancaq biz çempionatı ilk "üçlük"də bitirməliyik. Çempionluq üçün də sona qədər vuruşacağıq.
 
- Bütün rəqiblərlə qarşılaşmısınız. Çempionluğa hansı komandanı layiq görürsən ?
- Fikrimcə, "Qarabağ"ın mövsümü lider tamamlaması üçün əla şansı var və ən layiqli komanda da onlardır. Çünki gözəl futbol sərgiləyirlər və bunu da davamlı edirlər.
 
Yusif HÜSEYN

Xəbər xətti