"Sübut edəcəm ki, hələ Azərbaycanda yerli hücumçular "ölməyib" MÜSAHİBƏ

12:40 - 14 Mart 2014

Fərid Quliyev: "Çoxları düşünürdü ki, "Xəzər Lənkəran" asanlıqla bizi məğlub edəcək"
 
"Araz Naxçıvan"ın hücumçusu Fərid Quliyevin Sportal.az-a müsahibəsi
 
- “Araz Naxçıvan”a qış fasiləsində yollandın. Komandaya uyğunlaşa bilmisən ?
- Düzdür, komandaya gec qoşuldum, təlim-məşq toplanışında iştirak edə bilmədim, amma kubok oyununu da saysaq, 3 oyun oynamışam. Düşünürəm  ki, artıq komandaya yavaş-yavaş uyğunlaşıram. İnanıram ki, hər şey istədiyim kimi olacaq.
 
- Bir neçə Premyer Liqa klublarından da təkliflər var idi, bu klublar arasına aşağı liqa təmsilçisi “Araz Naxçıvan”ı seçməyinin səbəbi nə idi ?
- Türkiyə klublarının birində forma geyinəsi idim, amma danışıqlarımız son anda alınmadı, vətənə qayıdanda isə bir çox komanda artıq öz heyətini komplektləşdirmişdi, amma yenə də başqa variant var idi. Əsgər müəllimlə (Abdullayev) görüşdüm və söhbət əsnasınında başa düşdüm ki, “Araz Naxçıvan”ı seçməliyəm və indi də oynayıram. Əsas odur ki, oyun praktikamı çoxaldıram, hücumçu üçün də bu amil çox vacibdir.
 
- “Xəzər Lənkəran”la ölkə kubokunun ¼ final mərhələsində doğma meydanda qarşılaşdınız. Oyun haqqında fikirlərin nədir ?
- Bilirdik ki, rəqibimiz çox güclü heyətə malikdir, ona görə də çox ciddi hazırlaşmışdıq. Çoxları düşünürdü ki, “Xəzər Lənkəran” bizi gəlib rahatlıqla udub qayıdacaq,  Amma biz istədik ki, hamıya göstərək ki, “Araz Naxçıvan” əsas hədəfə Premyer liqada oynamaqdır və əsas liqada da elə-belə oynamağa çıxmır.
 
- 1:1 hesabından sonra komandanın şanslarını necə dəyərləndirirsən ?
- Düzdür, onlar yenə cütlüyün favoritləridir, çünki səfərdə belə bir nəticə ilə geri qayıdırlar. Amma bu oyunun cavab qarşılaşması var, şansımız az da olsa, bu şansdan maksimum istifadə edib, sonuna kimi mübarizə aparacağıq. Bunu əminliklə deyə bilərəm.
 
- Artıq çempionatda lidersiniz və ikinci yerlə aranızda kifayət qədər xal fərqi var. Deyə bilərik mi, komanda Premyer  Liqaya vəsiqəni  təmin edib ?
- Futbol belə şeyləri sevmir, indidən proqnoz verə bilmərəm. Amma güclülər dəstəsin yüksəlmək üçün şanslarımız çoxdur. Amma tələsmək lazım deyil.
 
- Çempionatımızda son yerli bombardir sən olmusan və “Araz Naxçıvan”ın heyətində bir qol vurmusan. Bu mövsüm neçə qol vurmağı hədəfləmisən ?
- Bu barədə heç düşünməmişəm, hazırda qol vurmaqdan çox komandamın əsas liqaya yüksəlməsini və bunda mənin köməyimin olmasını istəyirəm. Gələcəkdə Premyer liqada yenə bombardir olmaq istəyirəm, bunun üçün də əlimdən gələni edib sübut edəcəm ki, Azərbaycanda hələ yerli hücumçular ölməyib.
 
Yusif HÜSEYN

Xəbər xətti