AFFA və PFL-in nəzərinə: Klubların legioner siyasətini bu üsulla tənzimləmək olar

15:17 - 20 Mart 2014

Legionerlərə görə ödənilən rüsumlar dəyişməlidir

 

Azərbaycan Premyer Liqasında legioner limiti ilə bağlı çıxarılan istənilən qərar fikir ayrılığı yaradır. Bəziləri çempionatımızda legionerlərin çox olmasını yaxşı, digərləri isə pis hal kimi qəbul eləyir. Və hər iki tərəfin əlində əsaslı arqumentlər var.

 

Məsələ ondadır ki, çempionatımızda legionerlərin azalması bilavasitə klublarımızın avrokuboklardakı çıxışına öz mənfi təsirini göstərəcək. Bu isə o deməkdir ki, beynəlxalq arenada az-çox gözə dəymək imkanından da məhrum olacağıq. Məsələyə digər prizmadan yanaşdıqda isə görürük ki, leginerlərə limit tətbiq olunmasa, Azərbaycanda yetişən gənclər üzə çıxa bilməyəcəklər. Bunu nəzərə alanda İK-nın limitlə bağlı çıxardığı qərarı da anlamaq olar.

 

Lakin vəziyyəti daha diqqətlə incələyib optimal qərar tapmaq olar. Bunun üçün legionerlərə görə PFL-ə ödənilən rüsumlara yenidən baxılmalıdır (indiki halda klublar hər legioner futbolçuya görə PFL-ə 20 min manat ödəyir). Sifariş ərizəsinə daxil edilən ilk 5 futbolçuya görə rüsum elə 20 min manat olaraq qalsın. Lakin artıq 6-cı futbolçudan başlayaraq klublar hər legionerə görə 70 min manat ödəməli olsun. Bu nə deməkdir?

 

İlk növbədə maddi imkanları yüksək olmayan klublar ucuz legioner axınını həyata keçirə bilməyəcək. Təsəvvür edin ki, klub 60-70 min dəyəri olan futbolçu almaq üçün daha 70 min rüsum ödəməli olacaq. Təbii ki, belədə heç bir ciddi iddiası olmayan, lakin həmişə saysız-hesabsız səviyyəsiz legionerləri heyətə qatan klublar daha bunu gerçəkləşdirə bilməyəcəklər. Bununla da, aşağı səviyyəli legionerlərin əvəzinə yerli futbolçulara qapı açılacaq. Eyni zamanda bu addım avrokuboklarda çıxış edən klublarımıza mane olmayacaq. Çünki statistikaya baxsaq görərik ki, ölkəmizi avrokuboklarda əsasən imkanlı klublarımız təmsil edirlər. İddialı klublar həm rüsumu ödəyə biləcəklər, həm də normal legionerlər gətirməyə çalışacaqlar.

 

Qeyd edək ki, növbəti mövsümdən Premyer Liqada legineor limiti 6+5 ( 6 legioner, 5 yerli) olacaq.

 

Emin ABBASOV

Xəbər xətti