"Sona qədər vuruşub möcüzəyə ümid edəcəyik" MÜSAHİBƏ

12:16 - 23 Aprel 2014

İdan Vaytsman: "Simurq" və "Qarabağ" ən güclü müdafiə xəttinə malik olan komandalardır"
 
"Simurq"un futboçusu İdan Vaytsmanın Sportal.az-a müsahibəsi
 
- Premyer Liqanın son turunda “Qarabağ”ı doğma meydanda məğlub etdiniz…
- Bu qələbə bizim üçün çox vacib idi. Oyundan əvvəl bilirdik ki, “Qarabağ” çempionatda ən güclü komandadır, ancaq bu oyuna yaxşı hazırlaşmışdıq və bütün komanda 90 dəqiqə meydanda sona qədər vuruşdu, həm hücumda, həm də müdafiədə etibarlı təsir bağışladıq.
 
- “Qarabağ” bu mövsüm yalnız “Simurq”u məğlub edə bilmədi. Bu uğurun sirri nədir?
- Heç bir sirri yoxdur, sadəcə həm “Simurq”, həm də “Qarabağ” ən güclü müdafiə xəttinə malik olan iki komandadır. Təsadüfi deyil ki, 4 oyunda yalnız bir qol vuruldu. Şadam ki, həmin qolu biz verdik.  

- “Simurq”un bu mövsüm avrokuboklara vəsiqə qazanmaq şansı demək olar ki, yoxdur.
- Bəli, bizim üçün çox çətindir. Çünki 4 pillə ilə aramızda 6 xal fərqi var və çempionatın sonuna 5 oyun var. Bundan da əlavə, “Neftçi” kuboku qazanmalıdır. Ancaq buna baxmayaraq, biz sona qədər vuruşacağıq və son oyunlarda qələbə qazanıb möcüzəyə ümid edəcəyik.

- 32-ci turda səfərdə “Qəbələ”nin qonağı olacaqsınız…
- Bu mövsüm “Qəbələ”ni məğlub edə bilməmişik və ümid edirəm ki, bu həftə qələbə qazanıb bu seriyaya son qoyacağıq. Qəbələdəki birinci oyunda son saniyələrdə qol buraxıb məğlub olduğumuzu xatırlayırıq. Mətbuatda yayılıb ki, mən cəzalı durumda olduğum üçün oynamayacam, amma bu məlumat əsassızdır. Baş məşqçinin şans verəcəyi təqdirdə meydanda olacam.

- Komandanın heyətində ilk mövsümündə 20-dən çox oyun keçirmisən və komandanın aparıcı müdafiəçisisən. “Simurq”la müqavilən nə yerdədir?
- Müqaviləm mayın 30-u başa çatır və fikrim var ki, daha bir il “Simurq”un formasını geyinim, əgər komanda məni saxlamaq istəsə.  Hələlik bu məsələ ikinci plandadır, biz qarşıdakı 6 oyuna konsantrasiya olmuşuq. Mövsüm bitəndə bu barədə ətraflı danışa bilərik. Bircə onu deyə bilərəm ki, burada çox xoşbəxtəm.
 
Yusif HÜSEYN

Xəbər xətti