Mövsümün rekordunu "Qarabağ" rəsmiləşdirdi

12:42 - 23 Aprel 2014

7 oyunluq qələbə seriyasına son qoyuldu
 
“Qarabağ”ın qələbə seriyası başa çatıb.
 
Sportal.az xəbər verir ki, Premyer Liqada ardıcıl 7 qələbə qazanan Qurban Qurbanovun yetirmələri XXXI turun “Simurq”la səfər oyununda xal itkisi ilə üzləşib.
 
0:1 hesablı məğlubiyyətlə Ağdam təmsilçisinə məxsus mövsümün rekordu rəsmiləşib. Belə ki, “Qarabağ”dan başqa heç bir klub cari mövsüm ardıcıl bu qədər qalib gəlməmişdi. “Neftçi” və “İnter”in 5 oyunluq qələbə seriyaları var ki, sonuncularda bu ardıcıllıq davam etməkdədir.
 
Sonuncu dəfə də məhz “Simurq”la görüşdə xal itirən ağdamlılar XXIII turun fevralın 23-dəki görüşündə qolsuz heç-heçə etmişdi. 56 gündən sonra xal itkisi ilə üzləşən Qurbanovun komandasının məğlubiyyətsiz oyunlar seriyası da qırılıb. Çempionatın lideri sonuncu dəfə XIX turun “Xəzər Lənkəran”la ev oyununda 0:1 hesabı ilə yenilmişdi. Fevralın 1-dəki oyundan sonra “Qarabağ” 11 matçda uduzmamışdı.
 
Qeyd edək ki, “Qarabağ”ın ölkə çempionatları tarixində ən uzun qələbə seriyası 9, məğlubiyyətsizliyi 22 matçdan ibarət olub.

Xəbər xətti