"Qarabağ"ın potensial rəqibləri

15:46 - 9 May 2014

22 məlum, 9 naməlum rəqib
 
İyunun 23-də Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatması baş keçiriləcək.
 
Sportal.az xəbər verir ki, 21 il ərzində ilk dəfə olaraq, qitənin ən nüfuzlu yarışında ölkəmizi “Qarabağ” təmsil edəcək.

UEFA-nın əmsallar cədvəlinə uyğun olaraq, komandalar səpələnmiş və səpələnməmiş qruplara ayrılacaq. I təsnifat mərhələsində altı komanda mübarizə aparacaq. Üç qalib ikinci təsnifat mərhələsinə vəsiqə qazanaraq, digər 14 komanda ilə birgə səpələnməmiş komandalar səbətində yer alacaq. Eyni zamanda 17 komanda səpələnmişlər səbətində yerləşəcək.

Hazırda I təsnifat mərhələsinin 6 iştirakçısından 4-ü, ikinci mərhələnin isə 31 iştirakçısından 22-i məlumdu. Artıq indidən ikinci təsnifat mərhələsi komandalarını səbətlər üzrə təxmini yerləşdirmək olar. “Qarabağ” şübhəsiz ki, səpələnmiş komanda olacaq, belə ki, əmsalı 7,575 baldı.

“Qarabağ”ı Rumıniyanın “Styaua” (39,451), Şotlandiyanın “Seltik” (36,813), Belarusun BATG (33,725), Çexiyanın “Sparta” (28,870), Xorvatiyanın “Dinamo” (23,925), Bolqarıstanın “Lyudoqorets” (18,125), İsrailin Tel-Əviv “Makkabi”si (17,875), Moldovanın “Şerif” (17,075), Qazaxıstanın “Aktobe” (8,150) və Latviyanın “Ventspils” (7,750) klubları qabaqlayır.

Yəni, hazırda “Qarabağ” səpələnmiş komandalar arasında 11-ci sırada yer alıb. Ancaq heç də bütün milli birinciliklər başa çatmayıb. Polşa çempionu yəqin ki, “Legiya” (15,275) olacaq. Slovakiyada “Slovan” (8,700) yenidən çempion ola bilər. Macarıstan çempionatında “Debertsen” (10,325) liderlik edir. Serbiyada çempionluq yarışında “Srvena Zvezda” (9,325) və “Partizan” (14,825) rəqabəti davam edir. Sloveniyada isə “Maribor” (16,200) çempionluğun bir addımlığındadı.

Bütün bu komandalar siyahıda “Qarabağ”dan yüksəkdə yer alacaqlar və beləliklə, Qurban Qurbanovun yetirmələri 16-cı sıraya enəcəklər. Ümumiyyətlə, səpələnmiş olmaq üçün “atçılar”a 17 güclü komanda siyahısında yer almaq lazımdır.

II təsnifat mərhələsində “Qarabağ”ın mümkün rəqiblərini indidən təxmin etmək olar. Səpələnməmişlər arasında “Malmö” (İsveç), “Reykyavikur” (İslandiya), “Stromqodset” (Norveç), “Nyu-Seynts” (Uels), “Sent-Patrik Atletik” (İrlandiya), “Şkenderbeu” (Albaniya), “Valletta” (Malta), “Jrinski” (Bosniya və Herseqovina), “Kliftonvill” (Şimali İrlandiya), “Jalqiris” (Litva), həmçinin, gələcək Gürcüstan çempionu (Tbilisi “Dinamo”su və ya “Zestafoni”), Çernoqoriya çempionu (güman ki, “Sutyeska”), Makedoniya çempionu (“Rabotniçki”, “Turnovo” və ya “Metalurq”), Lüksemburq çempionu (“Düdelanj” və ya “Fola”), həmçinin, birinci təsnifat mərhələsinin üç qalibi - “Levadiya” (Estoniya), “Torshavn” (Farer adaları), “Santa-Koloma” (Andorra), “Linkoln Red İmps” (Cəbəllütariq) və Ermənistan çempionu (“Bananz”, “Ararat” və ya “Mika”), gələcək San-Marino çempionu (çempionat olimpiya sistemi üzrə keçirilir) yer alacaqlar.

I təsnifat mərhələsinin oyunları 15, 16 və 22, 23 iyul tarixlərində keçiriləcək.

Xəbər xətti