Nazir "Xəzər Lənkəran", "Simurq" və "Qaradağ Lökbatan"a təşəkkür etdi

01:48 - 10 May 2014

"Araz Naxçıvan"dan klublara cavab gəldi
 
"Araz-Naxçıvan" PFK-nın I Divizionun qalibi olması münasibətilə gələn təbriklər muxtar respublika klubunun rəhbərliyi tərəfindən xoş qarşılanıb.
 
Sportal.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov klubun rəsmi saytı vasitəsilə təbrik ünvanlayan komandalara təşəkkürünü bildirib:
 

"Araz-Naxçıvan"ın cari mövsümdə çempion olması münasibətilə göndərilən təbrik məktublarına görə öncədən təşəkkürümü bildirirəm. Bizim, eləcə də futbol klublarımızın rəhbərlərinin yalnız bir məqsədi var: o da Azərbaycanda futbolunun inkişafı üçün əlimizdən gələni etmək. Hazırda bunun üçün hər bir klubun rəhbəri səylə çalışır və bu da diqqətdən yayınmır."


"Cari mövsümdə Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Simurq" komandasını qəbul etdik. Premyer Liqada öz dəsti-xətti ilə seçilən Zaqatala klubunun oyun üslubu azarkeşlərimizin alqışları ilə qarşılandı. Təbrik üçün klubun prezidenti Anar Bəkirov başda olmaqla, hər bir kəsə öz minnətdarlığımızı bildiririk."

 
"Premyer Liqaya daim öz oyunu, azarkeş kütləsi ilə rəng qatan "Xəzər Lənkəran"la "Araz-Naxçıvan"ın dostluğu hər zaman olub və bundan sonra da olacaq. "Xəzər Lənkəran" ilə istər Naxçıvanda, istərsə də Lənkərandakı oyunlarımızda futbolçularımız, məşqçilər korpusumuz bir daha nümayiş etdirdi ki, futbol təkcə meydandakı mübarizə demək deyil. Eyni zamanda meydandan kənarda dostluq, qardaşlıq, birlik deməkdir. Çünki hər bir klub sadəcə Azərbaycanı təmsil edir. Yeni formalaşan "Araz-Naxçıvan"ın uğurların biganə qalmayan Lənkəran klubunun rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk."

 

"Son illər Azərbaycan I Divizionunda mübarizə aparan, hər mövsüm çempionluq üçün çalışan və Azərbaycan futboluna öz töhvəsini verən "Qaradağ Lökbatan"la meydanda mübariz şəraitdə qarşılaşsaq da, bu, kənarda belə deyil. Hər zaman iki klub arasında isti münasibət olub və bundan sonra da olacaq. Lökbatan klubunun təbriki bizlər üçün xoş təəssürat yaratdı və əzəli rəqib yox, əbədi dost olduğumuzu bir daha nümayiş etdirdi. Təbrik üçün minnətdarlığımızı bildiririk."
 

Xəbər xətti