Abdulbari Gözəl: "Qurban Qurbanov "Qarabağ"a layiqli baş məşqçidir" MÜSAHİBƏ

00:54 - 19 May 2014

"Fikrimcə ən vacibi "Qarabağ"ın Avropadakı zəfəridir"
 
"Qarabağ" klubunun prezidenti Abdulbari Gözəl azerisport.az saytına müsahibəsində komandanın çempionluğundan, Çempionlar Liqasında gələcək mübarizəsindən danışıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:

- "Qarabağ" uzun müddətdən sonra yenidən çempion oldu. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycan çempionatında qızıl medal qazanmaq həm sevindiricidir, həm məsuliyyətli. "Qarabağ"ın uğuru layiqli oldu. Müntəzəm olaraq, nəticələrdən xəbər alırdım. Komanda cari mövsüm yaxşı oyun sərgilədi və çempionluqla bütün Qarabağ əhalisini sevindirdi. İndi komandamız Çempionlaq Liqasında mübarizə aparmaq imkanı qazandı. Qarabağın adı bütün dünyada səslənəcək. Çempionluqda əməyi olan bütün komandaya, məşqçi və futbolçu heyətinə təşəkkür edirəm.

- "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışından nə gözləyirsiniz?
- Komandamız Azərbaycanı təmsil edəcək. "Qarabağ" son illər müntəzəm olaraq avrokuboklarda uğurla çıxış edib. Onun hər uğuru bizi Azərbaycanın tarixi torpaqlarına daha da yaxınlaşdırıb. Bu gün "Qarabağ"ın çempion olması böyük şərəfdir. Biz hər zaman bu komandaya dəstək olmaqdan qürur duyduq. Çempionlar Liqasında komandadan uğurlu nəticələr gözləyirik. Biz baş məşqçimiz Qurban Qurbanova inanırıq.

- Qurban Qurbanov ilk dəfə məşqçi kimi çempion oldu. Yəqin ki, komandanı gücləndirməyə dəstək olacaqsınız...
- Qurban bəyin istəyi hər zaman əsas olub bizim üçün. Baş məşqçimizdən çox razıyıq. Qurban Qurbanov "Qarabağ"a layiqli baş məşqçidir. Qələbələrlə yanaşı komandamızın çətin anları da olub. İstər oyun, istərsə də digər amilləri nəzərdə tuturam. Qurban bəy heç zaman təslim olmayıb. Həmişə uğura inanıb və komandanı qələbəyə daşıyıb. Biz də hər zaman hocamızın yanındayıq.

- Son 3 mövsümdə "Neftçi" ardıcıl çempion olub. İndi "Qarabağ"ın zəfərindən sonra demək olar ki, komandanız hər il çempion olmaq istəyəcək...
- "Qarabağ" hər zaman çempion olmaq istəyib. Amma bu hər zaman alınmır. Çempion olmaq hamının arzusudur. Biz hər il zəfərə doğru irəliləyəcəyik. Fikrimcə ən vacibi "Qarabağ"ın Avropadakı zəfəridir. Bir neçə aydan sonra bütün diqqətimiz komandamızın çıxışında olacaq.

- Sizcə, çempion olmaq əsas rolu nə oynadı?
- "Qarabağ" komanda kimi mübarizə apardı. Rəhbərlik, məşqçi və futbolçular öhdələrinə düşən işi yerinə yetirdi. Bütün futbolçularımızdan razıyam. İstər qapıçımız, istər hücumçumuz. Əsasən də Rəşad Sadıqovu çox bəyənirəm. "Qarabağ" komanda kimi yarışdı və komanda kimi çempion oldu. Bütün azarkeşlərimizi təbrik edirəm. Onlar hər zaman komandanın yanında oldu.

Xəbər xətti