Dimaya nəzər dəyməsin YAZI

19:27 - 19 May 2014

Alman ağsaqqal hərdən elə hərəkətlər edir ki... “lipa” olduğunu fikirləşirsən
 
Arif dayı Lənkəranda məşhur adamdı. Vəzifəsinə, var-dövlətinə görə yox. Onsuz da biçarə şəhər avtovağzalında qəzet və xırdavat satmaqla məşğuldur. Var-dövləti də hamının olanındandır – xudmani ev-eşiyi, bir də gözünün ağı-qarası qızı. Amma şəhərdə hamı bu ağsaqqala hörmətlə yanaşır. Deyəcəksiniz Arif dayının futbola nə dəxli? Dəxli var. Bu insan 50 ilə yaxındır ki, futbolla nəfəs alır, “Xəzər-Lənkəran”ın sadiq azarkeşidir. Bir müddət əvvəl klubun yaranmasının 10 illiyinə həsr olunmuş yazı hazırlamaq üçün Lənkərana getmişdim və “əsərin qəhrəmanı” da məhz Arif dayı idi. Futbolla bağlı xeyli söhbət etdik. Ağsaqqalın bir fikri sırğa olub qulağıma yapışdı. Ondan “Xəzər Lənkəran”ın düşdüyü bu gündən necə çıxa bilməsi ilə bağlı soruşanda maraqlı və reallığa uğyun cavab eşitdim “...mənim fikrim kimə maraqlı ola bilər? Mən ki rəhbərlikdə oturanların tayı deyiləm...”
 
Berti Foqts da ağsaqqaldı. Azından saqqalı ağarıb, yaşı 70-i haqlayıb. Təcrübəsinə, dünyagörüşünə də söz ola bilməz. Ağsaqqala hörmət eləmək, sözünü eşitmək millətimizə xas olan xüsusiyyətlərdəndir. Amma alman ağsaqqal hərdən elə hərəkətlər edir ki... “lipa” olduğunu fikirləşirsən.
 
Mayın 28-də millimizin okeanın o tayında ABŞ-la yoxlama oyunu keçirəcəyi hamıya çoxdan məlumdur. “Arzular ölkəsinə” yollanacaq futbolçuların adları da məlumdur. Foqtsun ABŞ-a aparacağı futbolçuların arasında bir nəfərin adı diqqətimi cəlb etdi – Dimitri Nazarov. Kimdir bu Nazarov? 1990-cı il aprelin 4-də Qazaxıstanın Krasnoarmeysk şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Almaniyaya köç edib və futbolun sirlərinə də elə burada yiyələnib. “Varmotia Vorms”un gənclər komandasında çıxış edən Nazarov, 2009-cu ildə “Kayzerslautern”ə üz tutub. 2009/10 mövsümünü bu klubun ikinci komandasında keçirib və 22 oyunda cəmi 2 qol vurub. Növbəti 2 ili “Ayntraxt”ın (Frankfurt) ikinci komandasında çıxış edən futbolçu 39 oyunda 11 qol vurduqdan sonra üçüncü liqa təmsilçisi “Preusen Munster”ə keçib. Ötən mövsüm 36 oyuna çıxan qazax balası 6 dəfə rəqib qapılarına yol tapıb. Cari mövsümdən isə Nazarov II Bundesliqada mübarizə aparan “Karlsrue”nin şərəfini qoruyur. 33 turdan sonra 5-ci pillədə qərarlaşan “Karlsrue”də isə Nazarov 17 oyuna 5 qol vurub. Vəssalam, şüttamam. 
 
Əcəba, Foqts Nazarovun nəyinə vurulub? Maraqlı sualdı, deyilmi? Əgər bu futbolçunun nəsə bir nailiyyəti, istedadı olsaydı, indi Almaniyanın aşağı dəstə komandalarında deyil, Bundesliqada oynayardı. Qazaxlar onu öz millilərinə çağırardılar. Nazarov milyonlarla futbolçudan biridir. Eləsi Azərbaycanda kifayət qədərdir. Nəyə görə Foqts yerli futbolçulara deyil, əcnəbilərə, Azərbaycanla əlaqəsi olmayanlara şans verir. Yenə Azərbaycanda oynayan birisi olsaydı, məsələn Reynaldo, dərd yarılanardı. Reynaldo demişkən, millinin gücləndirmək üçün Reynaldonu çağırmaq daha yaxşı olmazdımı? Heç olmasa, kəramətinə bələdik. Sambaçının özü də elə mənə verdiyi müsahibəsində yığmamızda oynamaq istədiyini demiş və bu barədə mətbuatda da kifayət qədər polemika aparılmışdı. Yaxşı, Foqtsu qoyaq bir kənara, AFFA-dakı başbilənlər ondan soruşa bilmirlər ki, ay ağsaqqal Nazarov bizim nəyimizə lazımdır? Bəlkə də soruşurlar, amma sərf eləmir. Rüfət Dadaşov milliyə gələndə heç kim onu tanımırdı. O da Nazarov kimi Almaniyanın aşağı liqalarında top qovan sırıdan birisi idi. Eşitdiyimə görə indi Premyer Liqa komandalarından biri onu heyətinə cəlb etmək istəyir. Yaxşı gedişdi – adi futbolçunu milliyə cəlb etməklə qiymətini artırmaq və sonradan yerli klublara sırımaq. Onsuz da Azərbaycanda bu, çoxdan adi hala çevrilib – milliyə çağrılan futbolçunun qiyməti həmən artır. Heç olmasa, Dadaşovun damarlarında azərbaycanı qanı axır. Bəs, Nazarovun? Bəs digər gəlmələrin? Bir daha təkrar edirəm, özkaralar, nazarovlar Azərbaycanda o qədərdir ki. Foqstun gətirdiyi futbolçuları milliyə yox, Balaxanıya göndərmək lazımdır... Bir sözlə Azərbaycana bir vaqon əcnəbi gəlib. Foqts dəvət edib. Foqtsu bilmirəm, bizə lazım deyil.
 
Yazının əvvəlində Arif dayıdan əbəs yerə misal gətirmədim. Arif dayı deyirdi ki, mənim “Xəzər Lənkəran”ın düşdüyü girdabdan çıxması üçün verəcəyim təklifləri rəhbərlik qəbul etməyə bilər. Axı, daha ağıllı adamdılar, onların tayı deyiləm. İndi mənim, həmkarlarımın yazdıqları AFFA rəhbərliyinin, Foqtsun vecinə olmaya bilər. Axı, onların tayı deyilik. Bəlkə də əksinə...
 
İlqar TAĞIYEV “Het-trik news”

Xəbər xətti