"Nədənsə ən çox tənqid olunan futbolçu mənəm" MÜSAHİBƏ

Vaqif Cavadov: "Lənkəran klubu ilə heç bir danışıq aparmamışam"
 
Azərbaycan milli komandasının və "İnter" klubunun üzvü Vaqif Cavadov affa.az saytına müsahibə verib.

 
- “İnter”də yaxşı mövsüm keçirdin, ikinci ən məhsuldar oyunçu oldun, komandanla birlikdə gümüş medallar qazanıb Avropa Liqasına vəsiqə qazandın. Ancaq komandandan ayılacağın deyilir. Bu məsələyə aydınlıq gətirə bilərsənmi?
- Hələ ki "İnter"dən ayrılmamışam.
 
- Mətbuatda artıq “İnter”dən ayrıldığın yazılır...
- Mətbuat hətta “Xəzər Lənkəran”a transfer olduğumu da iddia edir. Əsassız söhbətdir. Lənkəran klubu ilə heç bir danışıq aparmamışam. Belə bir şey olsa, mətbuatdan niyə gizlədim ki?! Müqaviləm 1 aydan sonra başa çatacaq.
 
- “İnter” müqavilənin müddətini uzatmağı təklif edibmi?
- Bununla bağlı qəti söz deyə bilərəm. Yəni “İnter”də qalacağımı qətiləşdirməmişəm. Müqaviləm başa çatdıqdan sonra hər şey bilinəcək.
 
- Klubda qalmaq fikrin varmı?
- Hər şey danışıqlardan asılıdır. Sözün açığı, burada maliyyə məsələsi önəm daşımır. Başqa detallar var ki, onu müzakirə etməliyik.
 
- Sirr deyilsə, hansı detallardır?
- İndi açıqlaya bimərəm, amma maliyyə məsələsi deyil.
 
- Transfer təklifləri olubmu?
- Bəli. Hamısını gözdən keçirirəm. Bir qədər gözləmə mövqeyi seçmişəm. Çünki başqa variantlar var.
 
- Başqa variantlar deyəndə ölkə xaricindən olan təklifləri nəzərdə tutursan?
- Bəli, həm Rusiya, həm də Türkiyə klublarından təkliflər var. Məqsədim ölkə xaricində oynamaqdır.
 
- Yerli klublardan hər hansı təklif varmı?
- Təkliflər var, amma ad çəkməsəm yaxşıdır.
 
- Bir çox futbol mütəxəssisi Vaqif Cavadovun özünü bir futbolçu kimi “İnter”də özünü tapdığını deyirlər. Sən bu fikirlərlə razısanmı?
- Tək mən yox, komanda olaraq yaxşı mövsüm keçirdik. Güclü heyətimiz var. O ki qaldı mənim yaxşı oynamağıma, mən həmin Vaqifəm. Hər klubda olduğu kimi, “İnter”də də komandamın qələbə qazanması üçün əlimdən gələni etmişəm. Hər bir futbolçuya güvənmək lazımdır. “İnter”də həm məşqçilər, həm də komanda yoldaşlarım mənə inandılar, güvəndilər, mən də pis oynamadım.
 
- Sənin “İnter”in oyun üslubuna uyğun futbolçu olduğunu deyirlər...
- Bunu kənardan baxanlar daha yaxşı bilər. Stabil oynadığım üçün yaxşı mövsüm keçirdim.
 
- Amma mövsümün əvvəlində heç də yaxşı nəticələr əldə etmirdiniz, son pillələrdə qərarlaşmışdınız...
- Həmin ərəfədə daha çox mən tənqid olunurdum. “İnter”ə keçməyimin səhv addım olduğunu deyirdilər, ancaq mövsümün sonunda fikirlərini dəyişdilər. İlk vaxtlar bir qədər zamana ehtiyacım var idi. Həm də heyətdə 7-8 yeni legioner vardı. Onların uyğunlaşma prosesi gec oldu. Sevindirici haldır ki, sonradan toparlana bildik.
 
- Ümumiyyətlə, tənqid psixoloji cəhətdən sənə necə təsir edir?
- Nədənsə ən çox tənqid olunan futbolçu mənəm. Tənqidin tərəfdarıyam, amma təhqir olmamalıdır. Ancaq yerli futbolçularla müqayisədə legionerlər daha çox tənqid olunmalıdır. Əcnəbilər bizdən 2 qat üstün oynamalıdırlar. Təəssif ki, legionerlər bizdən zəif çıxış edirlər, ancaq yenə də tənqid olunan yerli futbolçulardır. Biz futbolçuları təəssüfləndirən əsas məsələ budur. Hətta bəzi futbolçular ruhdan düşür. Mən isə ruhdan düşmədim. Ailəmin də dəstəyi ilə daha çox çalışdım və komandamın uğur qazanması üçün əlimdən gələni etdim.
 
- Mövsüm başa çatsa da, istirahət etmədən milli komandanın düşərgəsinə yollandın. Qarşıda Amerika yığması ilə oyun var. Bu oyundan nə gözləyirsən?
- Milli komanda bir ailədir. Uzun fasilədən sonra yenidən birlikdəyik. Amerika ilə oyun maraqlı olacaq. Bu həm ölkəmizin, həm də futbolumuzun təbliği üçün yaxşı fürsətdir. Nüfuzlu bir dövlətin yığması ilə qarşılaşmaq asan iş deyil. Amerika yığması ilə yoldaşlıq oyunu keçirmək hər komandaya nəsib olmur. İnanıram ki, canlı yayımlanacaq qarşılaşmanı azarkeşlərimiz həvəslə izləyəcəklər.
 
- İyunun 1-dən “İnter” növbəti mövsümün və avrokubok oyunlarının hazırlığına başlayacaq. Sən isə milli komandanın düşərgəsindən yeni qayıdacaqsan, istirahət etməyə zamanın olmayacaq...
- İnanmıram ki, istirahət üçün vaxt verməsinlər. Bizim istirahətə ehtiyacımız var. Bildiyiniz kimi, Premyer Liqa bu il yeni formatda təşkil olundu, ağır təqvim oldu. Hesab edirəm ki, həm rəhbərlik, həm də baş məşqçi bunu anlayışla qarşılayıb dincəlmək üçün ən azı 1 həftə vaxt verəcəklər.
Tarix: 21 May [15:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2019
26  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio