2013-14 mövsümündə vurulan 432 qolun tipologiyası

14:44 - 27 May 2014

Penaltidən ən çox qolu "Bakı" vurub
 
Premyer Liqanın 2013/2014 mövsümündə qapılara ümumilikdə 432 qol vurulub.
 
Sportal.az xəbər verir ki, bunlardan 190 top  ilk hissədə, qalan 242-si isə ikinci hissədə qeydə alınıb.

Topaz Premyer Liqasının oyunlarının ilk hissəsində hamıdan çox qol vuran isə “İnter”dir. Mövsümün gümüş mükafatçısı 27 dəfə rəqibi ilk 45 dəqiqədə meydanın mərkəzinə dəvət edib. Bu mövsüm Premyer Liqanı tərk etmiş “Rəvan” isə ilk hissələrdə hamıdan az – cəmi 10 dəfə fərqlənib.

İkinci hissələrdə ən məhsuldar nəticə isə “Qarabağ”ın payına düşür. Ağdamlılar oyunların ikinci hissələrində 43 dəfə rəqibi məyus edə bilib. Qeyd edək ki, bu göstərici komandanın ilk hissələrdə vurduğu qol sayından, demək olar ki, iki dəfə çoxdur (ilk hissələrdə 23 qol). “Rəvan” klubu isə bu göstəricidə də hamıdan geridə qalıb. Paytaxt təmsilçisi ikinci hissələrdə cəmi 12 qol vura bilib.

Cərimə zərbələrindən ən çox faydalanan komandalar “Bakı” və “Neftçi”dir. Paytaxt klubları hərəyə 10 dəfə standart vəziyyətlərdən rəqiblərini məyus edib. Künc zərbələrindən isə “Qəbələ” 8 dəfə qol vurmaqla ən yaxşı nəticəni müəyyən edib. “Bakı” klubu həm də 11 metrlik cərimə zərbələrindən vurulan qolların sayına görə liderdir – 8 top.

Komandaların buraxdığı qollara nəzər saldıqda “Sumqayıt”ın cərimə zərbələri zamanı uğursuz oynadığı görünür. “Gənclər şəhəri”nin təmsilçisi qapısında gördüyü 61 qoldan 10-nu məhz cərimə zərbələrindən buraxıb. Standart vəziyyətlərdən buraxılan qolların statistikasında “Rəvan”ın da göstəricisi ürəkaçan deyil. Bakılılar 66 qoldan 9-nu künc zərbəsindən sonra buraxıb. Mövsüm boyu 11 metrlik cərimə zərbəsindən ən çox qol buraxan isə “Xəzər Lənkəran”dır. Rəqibləri cənub təmsilçisi 8 dəfə penaltilərdən vurulan qollarla məyus edib.

Xəbər xətti