"Qəbələ" Avroliqa matçlarını harada oynayacaq?

11:00 - 17 İyun 2014

İlk 2 təsnifat mərhələsinin matçları əyalətdə olacaq
 
UEFA "Qəbələ" klubunun Avropa Liqasında ilk 2 təsnifat mərhələsindəki ev oyunlarını öz meydanında keçirməsinə icazə verib.
 
Sportal.az Sportnet.az-a istinadən xəbər verir ki, Avropa futbol qurumunun ekspertləri Qəbələ şəhər stadionunda beynəlxalq oyunlar keçirməyin mümkünlüyünə dair rəy veriblər.

Bununla yanaşı, gələn ay keçiriləcək oyunlaradək stadiondakı bəzi çatışmazlıqların, xüsusən, işıqlandırma sistemi ilə bağlı problemin aradan qaldırılması da tövsiyə olunub. "Qəbələ" ilk 2 mərhələni keçəcəyi halda, növbəti rəqibini və ya rəqiblərini ehtiyat arena kimi göstərdiyi Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməlidir. Çünki UEFA Qəbələ şəhər stadionunun yalnız ilk 2 mərhələdəki oyunları keçirməyə əlverişli olduğu qənaətinə gəlib.

Qeyd edək ki, Avropa Liqasının ilk 2 mərhələsinin püşkü iyunun 23-də atılacaq. I təsnifat mərhələsinin oyunları iyulun 3-də və 10-da, II təsnifat mərhələsindəki qarşılaşmalar isə iyulun 17-də və 24-də olacaq.

Xəbər xətti