Anar Bəkirov: "Bakı"ya təzminat ödəməyə hazırıq"

13:10 - 14 Avqust 2014

"Heç bir kluba məxsus olmayan futbolçu ilə niyə müqavilə imzalamayaq ki?"
 
"Simurq"un prezidenti Anar Bəkirov "Bakı"ya məxsus Vüqar Mustafayevlə Vadim Abdullayevi heyətlərinə qatdıqlarına görə, qarşı tərəfə təzminat ödəməyə hazır olduqlarını deyib. Sportal.az Azerisport.az saytına istinadən xəbər verir ki, bu sözləri Zaqatala klubunun rəhbəri söyləyib:
 
"Vadim Abdullayev bizə azad agent kimi gəlib. Heç bir kluba məxsus olmayan futbolçu ilə niyə müqavilə imzalamayaq ki? Mən Vadimdən soruşdum ki, sənin "Bakı" ilə hansısa əlaqən qalıb? O da cavabında bildirdi ki, "yox". Əgər o, Akademiyanın yetirməsidisə, buna ancaq sevinə bilərik. Qoy AFFA-ya müraciət etsinlər. Federasiyanın istənilən qərarına hörmətlə yanaşacağıq. AFFA-nın göstərəcəyi təzminatı ödəməyə hazırıq.
 
Vüqar Mustafayevə gəlincə, o, bizim yetirməmizdi. 17 yaşınadək bizdə oynayıb. İkincisi də bizim hələ onlarla müqaviləmiz yoxdu. O, AFFA-nın verdiyi azad agent statuslu futbolçu kimi bizə gəlib. Həm də zədəli idi, onun sağalmasına kömək etmişik. Amma yenə də bu məsələdə AFFA hansı qərarı çıxarsa, ona da əməl etməyə hazırıq".

Xəbər xətti