"Simurq" "İnter"lə oyuna ciddi itkilərlə hazırlaşır

14:20 - 13 Oktyabr 2014

Zaqatala təmsilçisindən 8-ci tura hazırlıq

 

Premyer Liqada Azərbaycan milli komandasının oyunları ilə əlaqədar müvəqqəti fasilə yarandığından "Simurq" klubu hazırlıqlarını davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaqatalada hazırlıqları davam etdirən "Simurq" oyun praktikasını itirməmək üçün Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşü keçirmək məqsədi ilə qonşu ölkəyə iki günlük səfər etmişdi.

 

"Dinamo Arena"da paytaxt təmsilçisi ilə qarşılaşan Zaqatala klubu ikinci hissədə meydana daxil olan gənc futbolçu Oruc Balaşlının qolu sayəsində rəqibi minimal hesabla məğlub etmişdi. Oyundan sonra ölkəyə qayıdan "Simurq" bir günlük istirahətə buraxılmışdı. Artıq bu gündən yenidən doğma arenada məşqlər bərpa ediləcək. Topaz Premyer Liqasının 8-ci turunda "İnter"in qonağı olacaq komanda "bankirlərlə" oyuna ciddi itkilərlə hazırlaşacaq. Son məşqlərdə zədələnən polşalı mərkəz müdafiəçisi Banaş Adam və gənc futbolçu Murad Səttarlı çalışmalarda iştirak edə bilməyəcək. Həmçinin "Simurq" yığma komandaların düşərgəsində olan İlkin Qırtımov, Vüqar Mustafayev, Vadim Abdullayevsiz bu görüşün hazırlıqlarını davam etdirəcək.

 

 

Zədə səbəbindən Tiflis səfərində komandasına kömək edə bilməyən Amil Ağacanov və yüksək temperatur səbəbindən "Dinamo" ilə görüşdə forma geyinməyən Samir Zərgərov bugünkü məşqlərdə komanda ilə birgə iştirak edəcək. 

Xəbər xətti