Matça 30 dəqiqə gecikən hakimlər cəzalandırıldı

15:45 - 21 Oktyabr 2014

İntizam Komitəsinin qərarı

 

Azərbaycan çempionatının I divizionunda keçirilən qalmaqallı “Mil-Muğan” – “Qaradağ Lökbatan” matçında baş verənlər İntizam Komitəsinin iclasında müzakirə olunub.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsi qarşılaşmada yaşananların günahkarlarını cəzalandırıb.

 

Oyunun 13-cü dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Sabir Allahquliyev aqressiv hərəkətə görə, 67-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın üzvü Natiq Əkbərov hakimi təhqir etdiyi üçün meydandan qovulub. Onların hərəsi 4 oyun cəzalanıb, 400 manat cərimə olunub. Meydan sahiblərinin masajçısı Səbuhi Məhərrəmov da cəzasını alıb. Rəqib komandanın futbolçularını təhqir edən tibbi personalın üzvü 5 oyunluq cəza və 500 manat cəriməyə layiq görülüb.

 

Matçdan sonra yaşananlar da diqqətdən kənar qalmayıb. “Qaradağ Lökbatan”ın oyunçusu Cavid Mirzəyev əsas binanın qapısının şüşəsini sındırdığından onun klubu dəymiş ziyanı stadiona ödəməlidir.

 

Hakimlər briqadasının oyuna gecikməsi də müzakirə olunub. Bu üzdən matç 30 dəqiqə gec başlayıb. Hakimlər komitəsinə bununla bağlı ölçü götürüb İntizam Komitəsinə məlumat vermədi tapşırılıb.

 

Qeyd edək ki, matçı Elvin Əsgərov, Elman Kərimov, Kamran Bayramov və Anar Fərəcov idarə ediblər.

Xəbər xətti