Muarem Muarem: "Qarabağ"dan qol gözləyin" MÜSAHİBƏ

16:43 - 6 Noyabr 2014

"Sona qədər ehtiyatlı olmalıyıq"

 

"Qarabağ” Avropa Liqasınını qrup mərhələsində Ukraynanın “Dnepr” klubunu qəbul edəcək. Komandalar arasında keçirilən ilk oyunda “Qarabağ”ın qələbə qolunun müəllifi Muarem Muarem bugünkü görüşlə bağlı Qol.Az saytının suallarını cavablandırıb.

 

- Kiyevdə “Dnepr”lə qalib gəldiniz. Bugünkü görüş haqda nə düşünürsən?

- Bizi çətin bir oyun gözləyir. Çünki rəqibimiz qrupda cəmi bir xal toplaya bilib. Kiyevdə keçirilən oyunda bizə qalib gəlmək istəyirdilər, ancaq alınmadı. Bu gün də “Dnepr” qələbə üçün əlindən gələni edəcək. Məncə, sırf hücum futbolu oynayacaqlar. Bu isə bizim üçün əlverişli olacaq. Müdafiədə diqqətli olmaqla yanaşı hücumlara da üstünlük verməliyik. Səfərdə qalib gəlsək də, “Dnepr” haqda ancaq xoş sözlər demək olar. Bilirik ki, bugünkü oyun daha fərqli olacaq. Rəqib aqressiv olacaq. Sona qədər ehtiyatlı olmalıyıq. Əlimizə düşən ilk qol imkanını dəyərləndirməliyik. Bunu Kiyevdəki oyunda bacardıq. İnanıram ki, yaxşı nəticə qazanacağıq.

 

- “Dnepr”in aqressiv olacağını dedin. “Qarabağ”dan da ilk dəqiqələrdə aqressiv oyun gözləmək olar?

- Təbii ki, biz də aqressiv olmalıyıq. Rəqibə uyğun oynamalıyıq. “Dnepr”ə qalib gəldiyimiz matçı unutmuşuq. Biz də “Dnepr” qədər istəkli olmasaq, uğurlu nəticə qazana bilmərik. Düzdür, ilk növbədə rəqibin hücumlarının qarşısını almaq barədə düşünməliyik. Bu barədə baş məşqçimiz lazım olan tapşırıqları verib. Hər halda oyun ənənəmizi pozmayacağıq.

 

- Bu gün stadionda mötəşəm azarkeş dəstəyi olacaq. Belə azarkeş dəstəyi altında oynamaq asandır, yoxsa çətin?

- Təbii ki, doğma azarkeşlərlə dolu stadionda oynamaq rahat olduğu qədər də məsuliyyətlidir. Bəzən azarkeşlər səbirsiz olur, bir qol vuranda daha 2-3 qol istəyirlər. Gərək onlar bizi başa düşsünlər. Avroliqa oyunları daxili çempionatdan çox fərqlənir. Burada asanlıqla qol vurmaq olmur. Bilirəm ki, bu gün də azarkeşlər bizdən qol tələb edəcək. Ancaq həm onlar, həm də biz səbirli olmalıyıq.

 

-UEFA-nın rəsmi saytına müsahibəndə “Dnepr”lə oyunda  heç-heçə sizi qane edəcəyini bildirmisən.

- Biz hər bir oyuna qələbə üçün çıxırıq. Təbii ki, oyundan əvvəl qalib gələcəyimizi deyə bilmərik. Hər görüşdən əvvəl öz oyun prinsiplərimizə sadiq qalmağı fikirləşirik. Xatırlamıram ki, nə vaxtsa ənənəvi oyunumuzu sərgiləyək və uduzaq. Yəni bizim düzgün oyun taktikamız var. Hər zaman baxımlı və düzgün oyun göstərməyə çalışırıq. Bu iki şərti yerinə yetirəndə qələbə də olur.

 

- “Tvente” və “Dnepr”rə vurduğun vacib qollardan sonra azarkeşlərin qol ümidi olmusan. Bu gün də azarkeşlər səndən qol gözləsinlər?

- Əlbəttə, gözləsinlər. Ancaq hər bir futbolçumuz rəqibi cəzalandıra bilər. Ona görə qolu komandadan gözləmək daha düzgün olar. Düzdür, ardıcıl qollar vuran futbolçudan gözləntilər çox olur. Bəli, qol vurduqca özünəinam hissi artır, növbəti oyunlarda ötürmənin hardan gələcəyini yaxşı bilirsən. Yəni qol duyumun artır. Ancaq istər Reynaldo, istərsə də mən qol vurum, bunun heç bir fərqi yoxdur. Əsas odur ki, “Qarabağ” qalib gəlsin.

Xəbər xətti