"Norveçdən güclü komandalarla bacarmışıq" MÜSAHİBƏ

18:00 - 11 Noyabr 2014

"Ardıcıl məğlubiyyətləri qələbə ilə unutdurmaq olar"

 

Milli komandamızın və "Neftçi"  klubunun müdafiəçisi Elvin Yunuszadə Qol.Az saytına müsahibəsində yığmamızın "Avro-2016"nın seçmə mərhələsində Norveçlə keçiriləcək oyunu haqda sualları cavablandırıb.

- Mahmud Qurbanovun rəhbərliyi altında Norveçlə oyuna hazırlıqlar necə gedir?

- Hazırlıqlar yüksək səviyyədə gedir. Mahmud müəllim ona verilən vəzifənin öhdəsindən layiqincə gəlir. Biz də onun tapşırıqları üzrə məşq edirik. Məncə, komandamızın hər bir üzvü qarşıdakı oyunun məsuliyyətini yaxşı dərk edir.

- U-21 millimizlə yoldaşlıq oyunu (4:2) haqda nə deyə bilərsən?

- Bu oyun sırf sınaq xarakteri daşıyırdı. Yəni səhvlərimi öyrənmək üçün keçirilirdi. Bəli, müəyyən çatışmazlıqların olduğu göründü. Ancaq ümumən yaxşı oyun sərgilədik. Əsas odur ki, məşqçilər özləri üçün lazımi nəticə çıxardı.

- Millimiz heç də yaxşı günlərini yaşamır. Norveçlə oyunda nəyə ümid etmək olar?

- Düzdür, son oyunlarda millimiz uğursuzluqlarla üzləşib. Ancaq komandamız Rusiya və İsrail kimi komandaya qarşı layiqli mbarizə apara bilirsə, Norveçlə oyunda da bunu bacararıq. Çünki Norveç adlarını çəkdiyim komandalardan güclü deyil. Sadəcə bunun üçün istək lazımdır. Hamımız oyuna canımızı qoymalıyıq. Bu halda azarkeşlərimizi sevindirə bilərik. Meydana üç xal üçün çıxacağıq. Ardıcıl məğlubiyyətləri qələbə ilə unutdurmaq olar.

- Komandada baş məşqçi dəyişikliyi olanda futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Norveçlə oyunda bunu görə bilərik?

- Mahmud müəllim bizi, biz də onu yaxşı tanıyırıq. Yəni ona yeni məçqçi deməzdim. Təbii ki, hamı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Ancaq bu, millimizin yaxşı nəticə qazanması naminə olacaq. Meydana çıxıb, öz oyunumu göstərməyə çalışacağıq. Yaxşı nəticə qazanmağımız çox vacibdir.

- Yəni tam fərqli Azərbaycan millisi görə bilərik?

- İnanıram ki, komandamız ən azından baxımlı və layiqli oyun nümayiş etdirəcək.

- Norveçlə oyunda futbolçularımız yerli mütəxəssislə də uğur qazana biləcəyimizi göstərməlidirlər. Razısan?

- Bəli, biz də bunu yaxşı başa düşürük. Hamımız millimiz üçün çalışırıq.  Onsuz da hər zaman millimizin qələbəsi üçün əlimizdən gələni edirik. Bu dəfə isə həm Mahmud müəllim, həm də millimiz üçün oynayacağıq.

Xəbər xətti