"Norveç ilə oyunda 3 xal qazana bilərik" MÜSAHİBƏ

19:20 - 12 Noyabr 2014

"Mümkünsüz heç nə yoxdu"

 

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Qaziantep BB" klubunun yarımmüdafiəçisi Rəhman Hacıyevin azerisport.az saytına müsahibəsi

 

- Azərbaycan yığmasına dəvət sizin üçün gözlənilməz olmadı?
- Etiraf edim ki, mən öncədən də yığmadan dəvət gözləyirdim. Amma Berti Foqts mənə dəvət göndərmirdi. Mahmud Qurbanov isə dərhal çağırdı. Bu etimadına görə ona minnətdaram. Etimadını doğrultmağa çalışacam.

 

- Gənclərdən ibarət milliyə qarşı siz də oynadız. Oyundan sonra Mahmud Qurbanov sizə nə dedi?
- Təbrik etdi. Bildirdi ki, yaxşı oynadım.

 

- Norveçlə oyuna hazırlaşmağı tapşırmadı?
- Bunu özümüz də gözəl başa düşürük. Əsas heyətdə meydana çıxmağı deyirsizsə, bu barədə heç bir söhbətimiz olmayıb. İlk dəfədi yığmaya dəvət almışam, əsas heyətdə meydana çıxa da bilərəm, çıxmaya da. Mənim üçün xüsusi bir fərqi yoxdu. Əsas odu ki, millidə oynamaq şansı qazanım.

 

- Yığmamızdakı əsas problemlərdən biri pleymeykerlə bağlıdı. Siz də bu mövqedə oynayırsız. Hazırda komandada sizdən başqa bu mövqedə oynayan futbolçu yoxdu. Bunu nəzərə alsaq, sizin əsas heyətdə çıxacağınızı gözləmək olar?
- Bilmirəm. Şans verilsə, oynayacam.

 

- Komandada atmosfer necədi?
- Yaxşı kollektivimiz var, atmosfer də yaxşıdı. Hamı bir-birinə dəstək olmağa çalışır.

 

- Norveçlə oyundakı şansları necə qiymətləndirə bilərsiz?
- Onlardan üç xal ala bilərik.

 

- Gənclərdən ibarət millidə Norveçə qarşı oynamısız...
- Hə, səfərdə onlara qalib gəlmişdik. Mümkünsüz heç nə yoxdu. Biz özümüzə inanırıq. Meydana qələbə üçün çıxacağıq.

 

- "Qaziantep BB"-də niyə əsas heyətdə meydana çıxmırsız?
- Bilmirəm. Qol vurduğum oyundan sonra ehtiyatda saxlamağa başlayıblar. Bunu heç cür anlaya bilmirəm. Yəqin ki, həmin epizodda qol vurmamalıydım. İndi yeni baş məşqçimiz var. O, futbolçuları yaxşı tanımır. Onunla söhbətimiz oldu, mənə dedi ki, zamana ehtiyacı var. Bu üzdən də baş məşqçinin durumunu anlayışla qəbul edirəm.

 

- Qışda iş yerinizi dəyişmək haqda düşünmürsüz?
- Baxacağıq. Başqa təkliflər var. Hətta Super Liqa klublarından da maraqlananlar var. Amma indidən heç nə deyə bilmərəm.

Xəbər xətti