"Pantiç hər an "Bakı"ya qayıda bilər"

21:25 - 12 Noyabr 2014

"Bakı"da işlər qaydasına düşüb"

 

“Baş məşqçi təyin etmək hüququ klubumuzun prezidenti Hafiz Məmmədova məxsusdur. Sözsüz ki, Hafiz müəlllim istəsə, Milinko Pantiç hər an “Bakı”ya qayıda bilər.

 

Qol.Az saytına açıqlamasında bu sözləri “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov deyib.

Məlum səbəblərdən “Bakı”nı tərk edən komandanın sabiq baş məşqçisi Milinko Pantiç ötən gün verdiyi müsahibəsində “Bakı”ya qayıtmaq ehtimalından danışarkən bunun klub prezidenti Hafiz Məmmədovdan asılı olduğunu bildirib.

 

Y.Seyidov isə qeyd edib ki, klubun maliyyə durumu qaydasına düşərsə, Pantiçin qayıdışı mümkündür: “Bakı”nın maliyyə durumunun necə olacağını Hafiz müəllimdən yaxşı bilən yoxdur. Hafiz müəllim Pantiçin geri qayıtmağını istəsə, deməli, “Bakı”da işlər qaydasına düşüb”.

 

Yaşar Seyidov “Bakı” klubunun məşqçilərinin əməkhaqqının AFFA tərəfindən ödənilməsi xəbərinə də münasibət bildirib: “Bizim jurnalistlər bu məsələdə bir az diqqətli olmalıdır. Məsələ burasındadır ki, aşağı yaş qrupları üzrə komandalarımızın məşqçilərinin əməkhaqqının bir hissəni AFFA ödəyir. Bu dəstək tək bizə yox, digər klublara da verilir. AFFA-nın bu işini alqışlamaq lazımdır. Bu, Azərbaycan futbolunun inkişafı üçün görülən işlərdir. Gənc futbolçuların yetişməsi üçün AFFA müəyyən proqramlar həyata keçirir”.

Xəbər xətti