Rövnəq Abdullayevin Qurban Qurbanovu...Taleyin işinə bax

13:20 - 25 Dekabr 2014

Taleyin işinə bax...

 

Futbol Rövnəq Abdullayev üçün elə ağır mövzudur ki, hər dəfə yuxarı dairələrdə bu sahənin durumu barədə müzakirələr olanda, onun deyəcəyi çox az söz olur. Nə desin axı? Əslində, dərd bəllidir, amma dərmanı onda yoxdur!

 

Milli Avropanın ən zəifləri sırasında, çempionatda çıxış eləyən klubların əksəriyyəti dilənçi kökündə, hakimliyin səviyyəsi hamısından betər. Rövnəq Abdullayev nə desin axı?

 

Hə, deyə bilər ki, yaxşı olacaq. Amma elə yaxşı olacaq deyə-deyə futbolumuz gəlib bu günlərə düşüb. Rövnəq müəllim jurnalistlərlə son görüşündə zarafatyana “bundan da pis günümüz ola bilməz” demişdi. Ancaq mənə elə gəlir ki, bu gedişlə hələ bu günlərimizə də şükür edəcəyik. 

 

Hal-hazırda Rövnəq müəllimin əhvalı yaxşıdı. Deyirlər ki, hər qaranlıq gecənin işıqlı səhəri var. Qaranlıq gecəyə bənzəyən futbolumuzda Rövnəq Abdullayev üçün işıqlı səhərə bənzəyən “Qarabağ” var.  

 

Bir neçə gün əvvəl ölkə başçısının qəbuluna gedən Rövnəq bəy bəlkə ilk dəfəydi ki, bu görüşə bu qədər xoş əhval-ruhiyyədə gedirdi. Zarafat deyil, Azərbaycan klubu özündən adlı-sanlı, imkanlı klublarla mübarizədə hamısının gözünün odunu almışdı. Əvvəlcədən imkan daxilində daha çox xal toplamağı arzulayırdıqsa, sonda qrupdan çıxa bilməməyimizə üzülməli olduq. Əslində, qrupdan da çıxdıq, amma çexiyalı hakimlər briqadası bunu bizə çox gördü.

 

Taleyin işinə bax ki, Rövnəq Abdullayevi bu çətin durumdan illərdir cavan, dolayı yolla təcrübəsiz adlandırdığı məşqçi çıxardı. Bu gün Qurban Qurbanov olmasaydı, Rövnəq məllimin ölkə başçısının qəbulunda futbolumuz haqqında deməyə sözü olmayacaqdı.

 

Yeri gəlmişkən, “Qarabağ”ın çıxışından məmnun görünməsinə rəğmən, cənab İlham Əliyev çıxışında Azərbaycan futbolunda uğurların az olduğunu vurğuladı. Yəqin, ölkə başçısının bu iradı Rövnəq Abdullayevin də diqqətindən yayınmadı.

 

Adi məntiqlə gğötürəndə də, AVRO-2020-yə ev sahibliyi etməyə hazırlaşan ölkənin futbolu bu vəziyyətdə olmalı deyil. Ölkə futbolunun bütün yükünü bir “Qarabağ”ın üstünə atmaq olmaz. İnkişaf istəyiriksə, Azərbaycanda “Qarabağ” səviyyəsində 3-4 klub olmalıdır ki, həmin səviyyəni milliyə də daşıya bilək.

 

Əvvəlki illərdə çempionata rəng qatan “Neftçi”, “Xəzər Lənkəran”, “Bakı” kimilər pulsuzluq üzündən iddiasız klublara çevrilirlər. “Qəbələ” neçə illərdir ki, bu çempionatda özünü tapa bilmir. “İnter” isə böyük nəticələr üçün mübarizə aparmağı hələ də öyrənməyib. Cəmi yarım ildən sonra isə klublarımız yenə Avropanın futbol səhnəsinə çıxmalıdır...

 

Emin ABBASOV

 

P.S. Əslində, Qurban Qurbanov bir məşçqi kimi çoxdan böyümüşdü. Ancaq Rövnəq Abdullayev ona yuxarıdan aşağı baxdığı üçün bunu hiss etmirdi.

Xəbər xətti