"Rəsmi saytımızda xəbər görməsəm, Raufla Əfranın Neftçiyə transferinə inanmayacağam" MÜSAHİBƏ

19:35 - 30 Dekabr 2014

"Qrup mərhələsinin bir addımlığında dayanmağımız üzücü oldu"

 

"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayevin müsahibəsi

 

- Komandanız ili üçüncü pillədə başa vurdu. Bu nəticə sizi qane edir?
- "Neftçi" həmişə çempionluq uğrunda mübarizə aparıb. "İnter"dən cəmi 3 xal geri qalırıq. Amma ehtiyatda da oyunumuz var.

 

- Komandanızın həmin bir oyundan maksimum xalla ayrılacağına əminsiniz?
- Məsələ təkcə həmin bir oyunda deyil. Fikrimcə, mövsümün qalan hissəsi bizim üçün daha uğurlu alınacaq. Biz turnir cədvəlində daha da irəliləyəcəyik.

 

- Bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin yox, "Qarabağ"ın çıxış etməsi sizə necə təsir etdi?
- "Qarabağ"ın bu mövsümkü uğurlu çıxışına yalnız sevinə bilərəm. Bizə gəlincə, Avroliqada pis çıxış etmədik. Amma təbii ki, qrup mərhələsinin bir addımlığında dayanmağımız üzücü oldu. Hər halda bu, son deyil. Bizim yenə də avrokuboklarda oynamaq şansımız olacaq.

 

- "Xəzər Lənkəran"dan ayrılan Rauf Əliyevlə Əfran İsmayılovun "Neftçi"yə keçməsi gözlənilir. Siz bunu komandanız üçün necə dəyərləndirə bilərsiniz?
- Hər ikisi yüksək səviyyəli futbolçudur. Fikrimcə, onların bizim kluba keçməsi komandanı yalnız gücləndirə bilər. Amma bu barədə danışmaq hələ tezdir. Çünki rəsmi saytımızda bu barədə xəbər görməsəm, onların keçidinə inana bilmərəm. Son zamanlar mətbuatda çox şey yazılır, amma hamısı düz çıxmır. Azərbaycan yığmasında onlarla birgə çıxış etmişəm, qardaş kimiyik.

 

- Yığmamızın baş məşqçisi Robert Prosineçkidən nə gözləyirsiniz?
- Əminəm ki, növbəti il xorvatiyalı mütəxəssis və bizim üçün uğurlu olacaq. 2015-ci ildə elə çıxış etməliyik ki, seçmə mərhələnin əvvəlki oyunlarında qeydə alınan məğlubiyyətləri unudaq.

 

- Fevralın sonunda o, yığmamızı Antalyaya aparacaq. Həmin toplanışa dəvət alacağınıza inanırsınız?
- Bəli. Həm də onun rəhbərliyi altında oynamaq mənə maraqlı gəlir. Çünki necə işlədiyini, necə oyun qurduğunu görmək istəyirəm.

 

- Bəs Araz Abdullayevdən yeni ildə nə gözləyək?
- Söz verməyi xoşlamıram. Sadəcə, onu deyə bilərəm ki, mənə olan ümidləri doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

 

Mənbə: azərisport

Xəbər xətti