Yaşar Seyidov: "Ona ayıb olsun!" MÜSAHİBƏ

22:40 - 10 Yanvar 2015

"Özünüz baxın, qərar verin"

 

"Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidovun müsahibəsi

 

- Nurlan Novruzov və Rəhman Hacıyev "Bakı”nın məşqlərinə hələ də qatılmırlar. Bu məsələnin kökündə duran problem nədir?

- Novruzov da, Hacıyev də müqavilə ilə "Bakı"ya məxsusdur. Klubun da bu iki futbolçuya heç bir maliyyə borcu yoxdur. Sadəcə, futbolçular cavandırlar. Böyük pullar qarşılığında eyforiyaya qapılırlar. Dəfələrlə qeyd etmişəm ki, "Bakı"nın bu gün hər hansı futbolçuya ayda 2000 manat ödəməyə gücü çatırsa, başqa komandalar ona 15 min manat ödəmək iqtidarındadırlar. Ancaq onların bu pul qarşılığında kluba arxa çevirərək getmələri və mətbuatda keçmiş komandası barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirmələri "Bakı"nın imicinə təsir edir. Mən ömrümü Azərbaycan futboluna həsr etmiş bir adam kimi deyirəm ki, çətinliklərimiz göz önündədir, bunları gizlətmirəm. Ödənişlərlə, legionerlərlə bağlı müəyyən çətinliklər var, amma akademiyamızın yetişdirdiyi futbolçularla bağlı çətinliklərimiz yoxdur. Bu gün akademiyanın yetişdirdiyi futbolçu demək olar ki, 500 manat maaş alır. Onlar da bu vəziyyətdən razıdır. Çünki "Bakı"ya can-başla xidmət edirlər. Ancaq Nurlan və Rəhmanın bu gün məşqlərə qatılmaması başadüşülən deyil.

 

- Çıxış yolunu nədə görürsünüz?

- Mən mətbuatdan da daim dəstək gözləyirəm. Gəlib baxın, vəziyyəti düzgün qiymətləndirin. Haqsız tərəf olsam, üzr istəməyə hazıram. Qətiyyətlə bildirirəm: Nurlan Novruzov KİV vasitəsilə "Bakı”dan üzr istəməlidir. Əks təqdirdə, o, "Bakı”da məşq edə bilməz. Çünki Novruzov klubun şərəf və ləyaqətinə, imicinə mətbuat vasitəsilə olmazın şəkildə zərbə vurub. Mən açıq deyirəm: Nurlan Novruzov məşqlərə başlamaq üçün "Bakı" klubundan rəsmi şəkildə üzr istəməlidir.

 

- Bəs "Bakı”dan getməsi üçün nə etməlidir?

- Çox demirəm: klubumuzun ona çəkdiyi xərclərin heç olmasa, 25 faizini ödəsin və getsin.

 

- Onun üçün nə qədər xərc çəkmisiniz?

- Gəlsin, sənədlərini qaldıraq, Nurlan üçün çəkilən xərclərin hamısı orada açıq-aşkar göstərilib. Bunu mətbuat üçün demək düzgün olmazdı. Amma rəsmən bəyan edirəm ki, çəkdiyimiz xərclərin 25 faizini ödəsin və transfer vərəqini alıb getsin. Mən hər iki futbolçuya nə təklif etdim? Rəhman Hacıyevin meneceri də gəlmişdi...

 

- Meneceri kimdir?

- Adını çəkmək istəmirəm. İlk dəfə idi görürdüm. Gəlib üzrxahlıq etdi ki, baş verənlər düzgün deyil və "Bakı"nın haqlı olduğunu düşünürük. Dedim ki, sizinlə bir məsələdə razılığa gələ bilərik. Əslində futbolçu olaraq, başqa mövqe tutmalı idiniz. Düşünməli idiniz ki, doğrudan da bizi yetişdirən "Bakı" klubunda maliyyə çətinliyi var. Gənclərin yetişməsi, qidalanması, məşq prosesi keçmələri, çempionatda oynamaları, geyim dəstlərinədək problemlər mövcuddur. "Bakı”nın akademiyasında yetişən futbolçular kimi biz maya qədər "Bakı"ya kömək edək, sonra isə bizi azad agent kimi buraxın. Ən düzgün yol bu, olardı. Hansı ki, 6 ildir "Bakı" onların əziyyətini çəkirdi. Klubumuz çox vəsait istəmir ki... Deyirik ki, gəlin, hər ay klubdan 2000-2500 manat maaş alın, amma mayadək komandanıza kömək edin. Təsəvvür edin ki, bu adamlar bunu da etmək istəmirlər. Özünüz mənim yerimdə olun. Nə edərdiniz?

 

- Amma Novruzov iddia edir ki, "Bakı"dan 15 ay maaş almayıb...


- Mən jurnalistlərin iştirakı ilə həmin futbolçularla görüşməyə, "Bakı" klubunun haqlı olduğunu onların nəzərinə çatdırmağa hazıram. Siz özünüz obyektiv qərar verin: "Bakı” haqlıdır, yoxsa bu iki futbolçu? Təsəvvür edin ki, bunlar hələ Azərbaycan futbolu üçün heç nə etməyiblər, sadəcə, klub səviyyəsində nəsə ediblər. Bunlar Avropa və dünya çempionatlarının qrup mərhələsinə düşsəydilər, "Bakı"nın başına hansı oyunu açardılar? Biri Türkiyədə 6 ay oynamamış qayıdıb gəlib, o biri də klubumuzun heyətində 9 top vurub. Yaxşı, "Bakı”nın etdiklərini niyə unudurlar? O futbolçunu qınamaq, belə insanlara yerlərini göstərmək lazımdır. Ona "Ayıb olsun” deyilməlidir. Klubun bu qədər xidmətləri qarşılığında deyirsən ki, 15 aydır maaş almırsan. Gəl, mən göstərim ki, "Bakı” klubundan davamlı olaraq, nə qədər pul almısan.

 

- "Bakı” konkret olaraq, Nurlan Novruzov üçün hansı əziyyətləri çəkib?

- Mən üzümü Nurlana tuturam: Sən otağıma gəlib, futbol oynamağın üçün məndən xahiş etdin. Dedin ki, Yaşar müəllim, futbolsuz qalmışam, mənə kömək et. Mən də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə zəng etdim. Dedim ki, transfer pəncərəsi bağlanıb, uşaqdır, 19 yaşı var, Azərbaycan futbolu naminə oynamasına icazə verin. Çox sağ olsun Ramin müəllim! Dedi ki, futbolumuzun naminə o uşağın oynamasına icazə verirəm. Baxmayaraq ki, transfer pəncərəsi bağlanmışdı. Ramin müəllimin böyük səyi ilə biz o uşağı sifariş vərəqəsinə saldıq və indi mövsümün ilk yarısında 9 top vurub. Təsəvvür edin: Biz Nurlan üçün ayrıca hücumçularla işləyən məşqçi tutmuşuq. Məşqdən sonra həmin mütəxəssis onunla əlavə çalışır. O məşqçiyə ayda 3000 manat pul veririk. Nurlan bunu nə tez unutdu? Axı Nurlanın Nurlan olması üçün "Bakı” klubu nələr etməyib? Məgər klubun çətin vaxtıdır deyə, üz döndərməlidir?

 

- Elə isə Novruzovun belə açıqlamalar verməsinin səbəbini nədə görürsünüz?

- Təəssüf edirəm ki, bu gün futbolumuzun, futbolçularımızın problemi onların savadsızlığında, yaxşı oxumamalarındadır. Onların öz müəllimlərinə, klublarına, keçmişlərinə bu cür hörmətsizliyi savadsızlıqlarından irəli gəlir. Heç olmasa, baxsınlar dünya ulduzlarına. Baxsınlar Tottiyə, baxsınlar Matteusa, baxsınlar uzun müddət öz klublarına sadiq olan digər oyunçulara. Onlar komandalarını çətin anda belə atmayıblar, qayıdıb, gəlib, kömək ediblər. "Bakı" sizi pulsuz qoymayıb ki... Onlar bu illər ərzində klubumuzundan nə qədər pul alıblar. İndi "Bakı"nın vəziyyəti bir az çətinləşən kimi hamı üz döndərmək istəyir. Ona görə də insan əxlaqlı və əqidəli, inanclı olmalıdır. Hamımız müsəlman ölkəsində yaşayırıq. İnsan öz əxlaqını, dinini unutmamalıdır. Əvvəllər xeyli insanın əziyyətini çəkəndə, bütün problemlərini həll edəndə "Bakı” klubu yaxşı idi, indi klubumuzun çətin anlarıdır deyə, hamı "Bakı”dan üz döndərmək istəyir.

 

- Bəs bu məsələnin böyüməsində menecerlərin rolu nə qədərdir?

- Mən sizə bu gün nə baş verdiyini də deyim: Həmin o menecerlər "Bakı”nın qazancından daha çox qazanmaq istəyirlər. Klubumuz bu futbolçuların yetişməsi üçün nə qədər vəsait xərcləyib. Amma menecerlər "Bakı”nın 6 illik əziyyətindən də çox qazanc əldə edirlər. İnanmırsınızsa, həmin futbolçuları danışdırın. Onlar hər şeyi ətraflı izah edəcəklər. Ona görə də belə məsələlərdə sizdən də çox şey asılıdır. Baxın, 6 il ərzində futbolçunun meydançalar, təlim-məşq toplanışları, qidalanma ilə təmin, təhsil və əsgərlik məsələlərini həll etmiş klubdan onu 6 aydır tanıyan menecer çox pul qazanmaq istəyir. Sizcə, "Bakı”, yoxsa bu adamlar haqlıdır? Özünüz baxın, qərar verin.

 

- Baş verən proseslərlə əlaqədər AFFA hansı mövqe tutub?

- Belə çətin anlarda "Bakı”ya dəstək verən bütün jurnalist dostlarımıza, futbol adamlarına, nəhayət, AFFA-nın prezidenti Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova xüsusi təşəkkürümü bildirirəm. Çünki bu gün "Bakı”nın çempionatda oynaması, fəaliyyət göstərməsi üçün daim dəstək veriblər. Bu gün federasiya rəhbərliyi "Bakı”nın yanındadır. Azərbaycan ictimaiyyəti bilməlidir ki, bu insanlar futbolu sevirlər və futbolumuzun gələcəyi naminə klubumuza hər cür dəstək verirlər. Saytınız vasitəsilə Rövnəq və Elxan müəllimə minnətdarlığımı çatdırıram.

Mənbə: sportnet.az

Xəbər xətti