"Karyeramı Qarabağda başa vurmaq istəyirəm" MÜSAHİBƏ

19:40 - 26 Yanvar 2015

"Komandamızın qış fasiləsindən sonra dəyişəcəyini gözləmirəm"

 

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin müsahibəsi

 

- Toplanışın böyük hissəsi geridə qaldı. Hazırlıqla bağlı nə deyə bilərsiniz?
- İki ağır həftəni geridə qoyduq. Prinsipcə, toplanış asan keçmir. Əksinə, belə hazırlıq prosesi komanda üçün çox faydalı olur.

 

- "Qarabağ" geridə qalan üç yoxlama oyununda qələbə qazana bilmədi...
- Mənim üçün belə oyunlarda nəticə ikinci plandadır. Mümkündür ki, oyunçularımızın əksəri də belə düşünür. Çünki bu oyunlarda bizə xal lazım deyil. Baxmayaraq ki, qələbə qazanmaq həmişə xoşdur.

 

- "Levski"yə üç cavabsız qolla uduzmaq artıq çatışmazlıqlardan xəbər verir. Razısınız?
- Mən bu oyunda hansısa qlobal problemimizin olduğunu görmədim. Əlbəttə, belə bir məğlubiyyəti çempionatda alsaydıq, onu uzun müddət müzakirə edərdik. Bu yenilgini sadəcə, ağır hazırlıq prosesi ilə əlaqələndirərdim.

 

- Komanda çempionatın üçüncü dövrəsinə tam hazır ola biləcək?
- Özünüz də görürsünüz ki, Premyer Liqaya hazır olmaq üçün əlimizdən gələni edirik. Qarşıda daha üç yoxlama oyunumuz var. Allah eləsin ki, tam hazır ola bilək.

 

- Mövsümün qalan hissəsindən nə gözləyirsiniz?
- Xüsusi heç nə gözləmirəm. Komandamızın qış fasiləsindən sonra dəyişəcəyini gözləmirəm. Hədəfimiz düzgün oynamaq və hər turda 3 xal qazanmaqdır.

 

- Azərbaycan çempionatında geriləmə olduğunu hiss edirsiniz?
- Çempionatın səviyyəsi hazırda mən gəldiyim beş il bundan əvvəlki dövrlə müqayisədə yüksəkdir. Bizim Avropa Liqasında iştirakımız Premyer Liqanın səviyyəsini göstərir.

 

- Artıq 33-cü yaşınıza girmisiniz. Daha neçə il bu səviyyədə oynaya biləcəksiniz?
- Hazırda heç bir fiziki çətinlik hiss etmirəm. Sabah necə olacağını isə zaman göstərəcək.

 

- Karyeranızı "Qarabağ"da başa vurmağı düşünürsünüz?
- Bəli, bu barədə düşünürəm. Elə hiss edirəm ki, burada 5 yox, 20 ildir oynayıram. Qələbələrimiz də olub, məğlubiyyətlərimiz də, sevincli günlərimiz də olub, məyus günlərimiz də. Karyeramı burada başa vurmasam da, "Qarabağ" həmişə mənim ürəyimdə olacaq. (azərisport.az)

Xəbər xətti