"Bakı"nın baş məşqçisi: "Bu il məqsədimiz çempion olmaqdır"

14:45 - 2 Mart 2015

"Son zamanlar işlərimiz qaydasında gedir"

 

Yanvarın 25-dən fevralın 8-nə kimi Bakı Futbol klubunun təlim-məşq bazasının qapalı meydançasında KFA (Klublarda Futbol Akdemiyası) turniri keçirilib.

 

Sportal.az xəbər verir ki, 6 futbol akademiyası arasında keçirilmiş çempionatın hər iki yaş qrupu üzrə çempionu “Bakı” oldu. U-13 komandasının baş məşqçisi Niyazi Rzayev klubun rəsmi saytına bu barədə danışıb: 

 

 

Turnir necə təşkil edilmişdi. Əsas rəqiblər hansı klublar idi? 

Turnir yüksək peşəkarlıqla təşkil edilmişdi. Güzəştsiz mübarizənin şahidi olduq. Əsas rəqiblərimiz “Neftçi” və “Qəbələ” klubları idi. Çətin olsa da hər iki rəqibi qabaqlayaraq çempion olduq. 

 

Hansı futbolçular bu turnirdə yaxşı tərəfdən fərqləndilər? 

Komandada yaxşı futbolçular çoxdur. Yarımmüdafiə xəttində oynayan Rüfət Əhmədovu, Emil Quluzadəni, İlahi Quliyevi və Rüstəm Rüstəmovu xüsusi qeyd edərdim. Onların gələcəkdə perspektivli futbolçu kimi, Azərbaycan futboluna layiqli futbolçular olacağına inanıram. 

 

Yeniyetmələrin qidalanma və məşqlərlə bağlı yaranan məktəb problemləri necə həll edilir? 

Son zamanlar işlərimiz qaydasında gedir. Əvvəlcədən təyin olunmuş qrafik əsasında avtobuslar hərəkət edir. Uşaqların məşqə maneəsiz və vaxtında gəliş və gedişində heç bir problem yoxdur. Akademiyamızda fəaliyyət göstərən bütün komandalar yeni dəst formalarla təmin edilib. Məşqlər adətən saat 16:00-dan sonra olur. Gündəlikləri yoxlayıb, davamiyyətə nəzarət edirik. Oyunlar isə şənbə-bazar günləri keçirilir ki, bununda uşaqların dərs buraxmasına heç bir aidiyyatı olmur. Yeniyetmələrin dərsləri üzürsüz buraxmasına yol vermirik. 

 

Hal-hazırda U-13 liqasında 3-cü yerdəniz. Çempion olmaq şansınız qalırmı? 

Nəzəri çəhətdən şanslar var. “Rəvan”, “Neftçi”, “Qarabağ”, “Qəbələ”, AZAL və “Sumqayıt” əsas rəqiblərimizdir. U-13 liqada 5 komanda elit raunda çixir. Sonra xallar silinir və region komandalarının da iştirakı ilə aprel ayında final mərhələsi keçiriləcək. Ötən il U-12 liqsında 3-cü olmuşduq. Bu il də məqsədimiz çempion olmaqdır. 

Xəbər xətti