Dronqonun ölüm hökmü verildi

13:30 - 1 Aprel 2015

"Neftçi"də Sadıq Sadıqov dönəmi bitdi

 

Dünən SOCAR-da böyük bir tamaşa quruldu. Rövnəq Abdullayevin xeyir-duası ilə “Neftçi”də yeni yaradılan Müşahidə Şurasının sədri və üzvləri ictimaiyyətə təqdim olundu, yeni planlardan danışıldı. Bütün bunlar elə təqdim olundu ki, guya, “Neftçi”nin nəhəng kluba çevrilməsi üçün möhtəşəm layihə hazırlayıblar.

 

Yəqin, çoxlarınız 90-cı illərin əvvəllərində Tahir Kərimlinin Milli Məclisdəki emosional çıxışlarını unutmamısız. Onun “bəsdirin, qurtarın bu komediyanı” ifadəsi o vaxtlar dillərə düşmüşdü. Çox hayıf ki, dünənki tədbirdə Tahir Kərimli kimi biri tapılmadı ki, Rövnəq Abdullayevdən bu komediyaya son qoymasını istəsin. Axı, SOCAR-da keçirilən tədbirin mahiyyəti çox sadə idi – Sadıq Sadıqov uzaqlaşdırıldı, klubun idarəçiliyi Elnur Məmmədova, dolayısı ilə Elxan Məmmədova həvalə olundu. Bu qədər sadə!

 

Müşahidə Şurası adı altında qurulmuş oyunun təsirinə düşənlərin bəziləri düşünür ki, “Neftçi”ni Çingiz Abdullayev idarə eləyəcək, digərləri Bəhram Bağırzadənin adını çəkirlər. Klubu Elnur Məmmədov idarə edəcək! Müşahidə Şurasının üzvləri isə 3 aydan bir yığışıb, söhbət edib dağılışacaqlar. Bu, oyundur. Özü də, primitiv şəkildə qurulmuş oyun. Ən acınacaqlısı odur ki, Çingiz Abdullayev kimi adlı-sanlı, ağıllı-kamallı bir adam bu oyuna düşdü...

 

Çingiz Abdullayevin kitablarını oxuyan hər bir şəxsin onun əsərlərinin qəhrəmanı olan Dronqoya rəğbəti oyanır. Analitik qabiliyyəti ilə hamını valeh edən Dronqo ən çətin vəziyyətlərdə doğru qərarlar qəbul eləyir, ən çətin tapşırıqları yerinə yetirməyi bacarır. Deyilənlərə görə, əsərlərdə canlandırdığı Dronqo elə Çingiz Abdullayevin özüdür və xüsusi xidmət orqanlarında çalışmış Çingiz bəy öz keçdiyi həyat yolunu qələmə almaqla maraqlı əsərlər ərsəyə gətirir.  

 

Yəni, Çingiz Abdullayev həqiqətən anlamır ki, onu xərcləyirlər, onun adını xərcləyirlər. Axı, sabah “Neftçi”də işlər qaydasında getməyəndə hamı Çingiz Abdullayevin yaxasından yapışacaq, eşitmədiyi tənqid qalmayacaq.

 

Hər zaman əsərlərində tənqidi fikirlərə yer verən, ölkədə yaşananları obyektiv təsvir eləyən vicdanlı bir adamı “Neftçi”nin gələcək uğursuzluqlarına urcah eləmək nəyə hesablanıb? Axı, Çingiz Abdullayevin futbolla məşğul olmağa nə vaxtı var, nə də istəyi!

 

Dünən SOCAR-da Dronqonun ölüm hökmü verildi...

 

Hadisənin başqa tərəfi də Sadıq Sadıqovun de-fakto “Neftçi”dən uzaqlaşdırılması oldu. Yadımdadır, Sadıqov futbol sahəsinə yeni gələndə çoxumuz onda xilaskar obrazı görürdük. Sadıq Sadıqov fəaliyyətinin ilk vaxtlarında demək olar ki, çoxlarının rəğbətini qazanmışdı. Ancaq nəticə qazanmaq istəyi onu zamanla dəyişməyə başladı, vəziyyət o həddə çatdı ki, Sadıqov futbol ictimaiyyətində az qala ən sevilməyən şəxsə, “Neftçi” isə ən qalmaqallı kluba çevrildi. Heç şübhəsiz ki, tez-tez baş verən dava-dalaşlar, qalmaqallar barədə yuxarılara da xəbərlər verilirdi. Onun “Neftçi”dən uzaqlaşdırılmasında əsas səbəblərdən biri də bu oldu. Vaxtında ambisiyalarını düzgün istiqamətdə xərcləsəydi, Azərbaycan futbolu Sadıq Sadıqovdan çox xeyir görə bilərdi. Ancaq bir tərəfdən hövsələsizliyi, digər tərəfdən isə yanındakıların onu səhv istiqamətə yönəltməsi Sadıqovun futboldakı mövqeyini zəiflətdi. Və ağ-qara dövran sona çatdı!

 

Emin ABBASOV

Xəbər xətti