"Əgər bir məşqçi 1997-ci il təvəllüdlü futbolçularının öhdəsindən gələ bilmirsə, deməli, o, məşqçiliyə hazır deyil"
Yenidən “Bakı” klubunun icraçı direktorluğuna qayıdan Yaşar Seyidov komandasının futbolçularının məşqlərə çıxmaması haqda yayılan xəbərləri təsdiqləyib.
Sportal.az xəbər verir ki, Qol.Az saytının müxbiri ilə söhbətində o bildirib ki, klubun futbolçulara bir aylıq maaş borcu qalıb. Buna baxmayaraq, bəzi futbolçular “Qarabağ”la bu gün keçiriləcək oyuna çıxmayacaqlarını bildiriblər.
Y.Seyidov istənilən halda bu gün Premyer Liqanın “Bakı” - “Qarabağ” oyununun keçiriləcəyini deyib: “Bu gün meydanda fərqli “Bakı” görəcəksiniz. Bizim Peşəkar Futbol Liqasına sifariş etdiyimiz xeyli oyunçu var. Məşqə çıxmayan futbolçular isə ya bu hərəkətlərinə görə üzr istəməli, ya da komandadan getməlidir. “Bakı” klubu bu futbolçuların hər biri üçün valideyn kimi olub. İndi həmin oyunçular bizim üzümüzə ağ olurlar. Onlara ayıb olsun deyirəm”.
Klub rəsmisi komandanın məşqçilərini də etirazını bildirib: “Əgər bir məşqçi 1997-ci il təvəllüdlü futbolçularının öhdəsindən gələ bilmirsə, deməli, o, məşqçiliyə hazır deyil”.