Nurlan Novruzov İsveç klubuna keçməyə yaxındır

20:30 - 6 May 2015

"Bakı"nın mənə problem yaradacağını düşünmürəm”
 
"Bakı"nın hücumçusu Nurlan Novruzov İsveç klubuna keçmək perspektivindən, eləcə də yığma komandaya dəvət almamasından danışıb.
 
Sportal.az xəbər verir ki, futbolçu öncə bunları söyləyib:

"Əvvəllər "Bakı"da Vüqar adında menecer çalışırdı. Onun köməyi sayəsində İsveçin "Hammarbü" klubu ilə əlaqəmiz yarandı. O, İsveç klubunun baş məşqçisinə məni tərifləyib. "Bakı"nın mənə problem yaradacağını düşünmürəm. Ora getməyim üçün sənədlərimi verəcəklərini düşünürəm".

"Onlar məni istəsələr, orada oynayacağam. Başqa variantlar da var, hazırda düşünürəm. İsveçdə dil baxımından problemimin olacağını dedim. Amma Vüqar özü də orada olacaq. Məncə, yarım il + bir il variantı normaldır. İlk yarım il yerli futbola alışmağa gedəcək. Alınmayacağından qorxduğuma görə belə varianta üstünlük verirəm".

"Vüqar baş məşqçi ilə danışıb, demək olar ki, hər şey həll olunub. Türkiyədən də təkliflər var. Amma fikrimcə, səviyyə baxımından İsveç çempionatı daha üstündür. Digər tərəfdən Türkiyədə Vaqif Cavadov, Mahir Şükürov kimi futbolçular oynaya bilmirlər. Halbuki, zəif futbolçu deyillər".

"Türkiyə klubları da sərfəli təklif irəli sürüblər. İlimə 170-180 000 dollar verməyə razıdırlar. "Hammarbü" isə onlardan az təklif edir. Buna baxmayaraq, karyeramı orada davam etdirmək istəyirəm. Hələ gəncəm, pulu həmişə qazanmaq olar".

Novruzov yığmada oynamaq arzusundan da danışıb: "Mən Azərbaycan yığmasında oynamaq arzusundayam. Amma başqa federasiyadan təklif gəlsə, razılaşa bilərəm. Əgər öz ölkəmin yığmasında oynamağa dəvət etmirlərsə, başqa komandalarda niyə oynamayım ki? Təəssüf ki, dəvət etmirlər".

mənbə: azerisport.az

Xəbər xətti