"Kəpəz"də seleksiya məşqi VİDEO

14:10 - 23 İyun 2015

30 futbolçu toplanışa qatılıb

 

Qarşıdakı mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz” futbol klubu Gəncə şəhər stadionunda seleksiya xarakterli toplanışa start verib.

 

Sportal.az  Region TV-yə istinadən xəbər verir ki, məşqdən öncə Müşahidə Şurasının üzvləri və klubun rəsmiləri meydanda məşqçi heyəti və futbolçularla görüşüb.

 

Qurumun üzvlərindən Mikayıl Nərimanoğlu, Müşfiq Cəfərov və icraçı direktor Mehman Allahverdiyev toplanışa qatılan oyunçular qarşısında çıxış edərək, onlara uğurlar arzulayıb.

 

İlk məşq prosesində topa toxunuşu “Kəpəz”in tarixi keçmişi olan, veteran futbolçu Müzəffər Qasımovla komandanın gələcəyi, “Mancester Yunayted” Yay Futbol Məktəbinə seçimlərdə sınaqdan uğurla çıxan Nihat Fərəci edib. Bir-birinə ötürmələr edən ikili daha sonra meydanı komanda üzvlərinin ixtiyarına verib.

 

Qeyd edək ki, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev və köməkçisi Şakir Qəribov AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi yığma komandaların xarici səfərlərində olduğu üçün Nizami yurdunun təmsilçisini məşqə digər köməkçi məşqçilər çıxarıb. Xaliq Mərdanov, Füzuli Allahverdiyev və Nadir Şükürov ilk məşqdə futbolçulara tapşırıqlar verib. Səfərdə olan mütəxəssislər qarşıdakı günlərdə “Kəpəz”in düşərgəsinə təşrif buyuracaqlar.

 

Xəbər xətti