"Kəpəz" "Turan Tovuz"u məğlub etdi

00:14 - 27 İyun 2015

Qarşılaşmada 3 qol
 
Seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində “Kəpəz” iyunun 26-da ikinci yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, sözügedən komanda Gəncə şəhər stadionunda “Turan Tovuz”u qəbul edib.
 
Bir gün öncə Qəbələnin həvəskarlardan ibarət komandası ilə keçirilən görüşdə olduğu kimi məşqçilər korpusu Tovuz klubuna qarşı oyunda da heyətdə olan futbolçuları sınaqdan keçirib.
 
Matçda hesab 14-cü dəqiqədə açılıb. Gəncə təmsilçisindən hücumçu Ziyabil Məmmədov fərqlənib. İlk yarımsaatın tamamında qonaqlar 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazansalar da, “sarı-göylər”in qolkiperi zərbəni dəf edib. Amma 37-ci dəqiqədə Tovuz klubu qol vurmaq istəyinə çataraq hesabı bərabərləşdirib.
 
“Kəpəz” ikinci hissəyə də qolla başlayıb. 55-ci dəqiqədə Rəhman Allahverdiyevin cinah keçidini 18 yaşlı Əli Səmədov məhsuldar zərbə ilə tamamlayıb. Bundan sonra oyunda nəticə dəyişməyib və qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti