"Siz mənə çempionatın startına tam hazır vəziyyətdə, zədəsiz lazımsız"

13:59 - 30 İyul 2015

"Yoxlama görüşlərində nəticə önəmli deyil"

 

Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışını başa vuran "Zirə" son matçda Gürcüstanın güclülər dəstəsinin iştirakçısı “Samtredia”ya 1:3 hesabı ilə məğlub olub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov maraqlı fikirlər səsləndirib:

 

“Bu oyunda da komandanın həyata keçirmək istədiyimiz taktikanı necə mənimsədiyini görməyə çalışdıq. Təbii ki, kollektivin az müddətdə bərabər olması anlaşma və taktiki gedişlərdə öz təsirini göstərir. Həmçinin, ümumi yüklənmə dövründəki yorğunluq da hiss olunurdu. Hazırlaşmaq üçün çox az vaxtımız olub. Ancaq ümumilikdə oyun planı və fiziki hazırlıq baxımından nəyəsə nail olduğumuzu deyə bilərəm. Heyətin tam formalaşması da müəyyən qədər vaxt apardı. Legionerlər toplanışın son günlərində bizə qoşuldular. Onlardan biri isə Bakıda komandanın düşərgəsində olacaq.

 

Çalışacağıq ki, Premyer Liqanın startına qədər mümkün qədər yaxşı hazırlaşaq. Oyuna gəlincə, yoxlama görüşlərində nəticə önəmli deyil. Taktiki tapşırıqlarla yanaşı, futbolçulara mümkün qədər ehtiyatlı oynamağı tövsiyyə etmişdim. Qarşılaşmadan öncə də onlara dedim ki, burda nəticə önəmli deyil, siz mənə çempionatın startına tam hazır vəziyyətdə, zədəsiz lazımsız. Kiçik zədələri nəzərə almasaq təlim-məşq toplanışını itkisiz başa vurduğumuzu deyə bilərəm”.

Xəbər xətti