"Kəpəz"in futbolçusu: "Bu vaxta kimi oynadığım klubların böyük azarkeş kütləsi olmayıb" MÜSAHİBƏ

11:47 - 5 Avqust 2015

"Məncə, hər şey plana uyğun gedir"

 

“Kəpəz”in futbolçusu Şəhriyar Rəhimov klubun mətbuat xidmətinə müsahibə verib.

 

Sportal.az sizi həmin müsahibə ilə tanış edir:

 

 

- Şəhriyar, çempionata hazırlıq necə gedir?

- Məncə, hər şey plana uyğun gedir. Məşqçilər korpusunun nəzərdə tutduğu plan üzrə hazırlaşmışıq. Həm Bakıdakı, həm də Türkiyədəki toplanış komandanın xeyrinə oldu. Əvvəlcə fiziki, sonra isə taktiki və texniki cəhətdən hazırlaşdıq. Bir-birimizə uyğunlaşmağa çalışdıq. Yeni komandayıq deyə uyğunlaşma sarıdan problem vardı. Allaha şükür, bunların hamısını aradan qaldırdıq. Çalışacağıq ki, çempionata uğurlu start verək. Yaxşi nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 

- “Kəpəz” yoxlama oyunlarında uduzmadı və əsasən qələbə qazanmaqla seçildi. Necə düşünürsən, bu amil komandada qalib ruhunu formalaşdıra bildi?

- Əlbətdə. Yoxlama oyunlarındakı qələbələr bizə xallar verməsə də, komandada özünəinam yaratdı. Udmağa alışırıq və sizə deyim ki, bu, yaxşı haldı. Düzdü, yoldaşlıq görüşlərində nəticələr önəmli deyildi. Amma əhəmiyyətli olan digər məqam futbolçuların oyun sisteminə uyğunlaşması idi.

 

- Yoxlama oyunlarındakı nəticələr sizi arxayınlaşdırmayıb?

- Yox, uşaqlar hansı yükün altına girdiyimizi dərk edirlər. İnanmıram ki, bu nəticələr hansısa bir futbolçunu rahatlaşdırsın, özünəinam hissini başqa səmtə yönəltsin. Hamı çempionatın necə ağır keçəcəyini yaxşı başa düşür. Çalışacağıq ki, Premyer Liqa matçlarında da yaxşı oyunla seçilək.

 

- Gəncə klubunun azarkeş sarıdan korluq çəkməməsi sizin üstünlüyünüzdü. Sən nə düşünürsən?

- Bu vaxta kimi oynadığım klubların böyük azarkeş kütləsi olmayıb. Çox sevindirici haldı ki, “Kəpəz”in fanatları çoxdu və komandanı ürəkdən sevirlər, yaxından izləyirlər. Məşqlərdə, yoxlama oyunlarında bizi tək qoymurlar. Hətta Türkiyəyə yollananda və qayıdanda belə bizi hava limanında gecə saatlarında yola salıb, həm də qarşıladılar. Əminəm ki, azarkeşlərin sayı çempionat oyunlarında qat-qat çox olacaq. “Kəpəz”i dayanmadan dəstəkləyəcəklər və biz futbolçular yaxşı nəticələrlə onları sevindirə biləcəyik. İnanın ki, bütün gücümüzlə buna çalışacağıq.

Xəbər xətti