Bəxtiyar Soltanov: "Fanatları da oyuna səsləyirəm, gəlsinlər komandaya dəstək olsunlar"

19:25 - 13 Avqust 2015

"Onları sevindirmək üçün hər şey edəcəyik"

 

“Məşqlərimiz davam edir, hələ ki, hər şey yaxşı gedir. Qarşıdakı oyuna səylə hazırlaşırıq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri klubun mətbuat xidmətinə açıqlamasında “Kəpəz”in futbolçusu Bəxtiyar Soltanov deyib.

 

Soltanov çempionatın 2-ci turunda qarşılaşacaqları “Zirə” ilə oyun haqda danışıb: “Əlimizdən gələni edəcəyik ki, nəticə “Neftçi” ilə oyundakından daha yaxşı olsun. “Zirə” də bizim kimi yeni komandadır. Debütantdır, rəqibi heç vaxt zəif qəbul edib arxayınlaşmaq olmaz. Nəyəsə aldanmamalıyıq, baş məşqçimiz Şahin Diniyev də bildirir ki, oyuna iki qat güclə hazırlaşmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edib, uğurlu nəticə üçün meydana çıxacaq”.

 

Bəxtiyar Soltanov iki il öncə “Kəpəz”in heyətində çıxış edib. Bu mənada yerli publika ona daha yaxşı tanışdı: “Gəncədə ilk oyunumuzu keçirəcəyimizdən azarkeşlərimizlə doğma meydanda görüşəcəyik. Onları sevindirmək üçün hər şey edəcəyik. Əvvəlcədən danışmaq istəmirəm, amma deyim ki, qələbə üçün oynayacağıq. Fanatları da oyuna səsləyirəm, gəlsinlər komandaya dəstək olsunlar, yaxşı oyun olacaq. Buna ümid edirəm”.

Xəbər xətti