"Kəpəz"dən azarkeşlərə sürpriz

21:20 - 18 Avqust 2015

Fanklub təmsilçiləri ilə görüş

 

Avqustun 18-də Gəncə şəhər stadionunda “Kəpəz”in Müşahidə Şurası və klub rəhbərliyinin təşəbbüsü ilə fanklub təmsilçiləri ilə görüş keçirilib.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə komandanın dörd fanklubunun – “Kəpəz”, “Xəmsə”, “Kəpəz Ultras” və “Gəncə”nin rəhbərləri iştirak edib. Azarkeş birliyinin nümayəndələri ilə Müşahidə Şurasının üzvü Müşfiq Cəfərov və klubun icraçı direktoru Mehman Allahverdiyev görüşüb.

 

Tədbirdə fanatların komandanın “Zirə”yə qarşı ilk ev oyununda azarkeşliyi müzakirə olunub, onların dəstəyi yüksək qiymətləndirilib. Klub rəhbərliyi buna görə fanklublara minnətdarlıq edib. Fanklub rəhbərləri isə öz növbəsində bundan sonra da “Kəpəz”ə bütün oyunlarda dəstək verəcəklərini, komandaya dayaq olacaqlarını bildiriblər.

 

Müşahidə Şurasının üzvü Müşfiq Cəfərov görüşün sonunda fanatlara müjdə verib. Cəfərov çempionatın 3-cü turu çərçivəsində “Qəbələ” səfərində azarkeşlərin avtobuslarla təmin olunacağını açıqlayıb.

Xəbər xətti