Şahin Diniyev: "Taktiki planda dəyişiklik olacaq"

16:05 - 22 Avqust 2015

"Bu olarsa, mütləq nəticə də gələcək"

 

Premyer Liqanın 3-cü turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə oyunla bağlı fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis "Qəbələ" ilə matça digər oyunlara olduğu kimi hazırlaşır: "Digər oyunlara necə hazırlaşmışıqsa, qarşıdakı görüşə də o cür hazırlıq olub. Həftə boyu komanda səylə məşq edib. Hazırlıq dönəmində sırf Qəbələ klubuna qarşı hazırlıq olmayıb. Taktiki planda dəyişiklik olacaq. Ancaq motivasiya, əhval-ruhiyyə baxımından dəyişiklik yoxdur. Komanda oyuna digər matçlara olduğu kimi yanaşır. Bilirik ki, bizi çətin oyun gözləyir".

 

Diniyev oyundan gözləntiləri haqda da danışıb: "İki oyundu yaxşı çıxış etsək də, qələbə qazana bilmirik. Gəncə azarkeşləri, rəhbərlik bizdən uğurlu nəticə gözləyir, meydana bunun üçün çıxacağıq. Komanda ilk öncə yaxşı futbol göstərməyə çalışacaq. Bu olarsa, mütləq nəticə də gələcək".

 

"Sarı-göylər"in çalışdırıcısı rəqibin güclü olduğunu da deyib. O, "Qəbələ"nin səviyyəli futbolçulardan qurulduğunu bildirib: "Ölkənin ən iddialı klublarından birinə qarşı oynacağıq. Onların Avropa Liqasında oynamasına baxmayın. Çünki komandada iki eyni səviyyəli heyət var. Ehtiyatda qalan futbolçular da güclüdürlər, millidə çıxış edirlər. Gərgin oyun olacaq".

Xəbər xətti