"İlk 15 dəqiqədən sonra hiss etdim ki, gənclər hələ elitaya hazır deyillər"

12:21 - 7 Sentyabr 2015

"Hazırlıq dönəmi üçün sıradan bir oyun idi"

 

“Yoxlama görüşü Yevlaxdakı hazırlıq dönəmi üçün sıradan bir oyun idi. Məşq əvəzinə plana oyun daxil etdik. Matç günü də uşaqlar səhər saatlarında fiziki çalışmalar üzərində işləmişdilər”.

Sportal.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə açıqlamasında belə deyib. Təcrübəli mütəxəssis “Şəmkir”lə keçirilən oyun haqda daha sonra bunları əlavə edib:

 

“Toplanışın yekunu olaraq yoxlama görüşü təşkil etdik. Əvəzedici heyətdən əsas komandaya çağırdığım futbolçuları yoxlamağı çox istəyirdim. Onları əsas heyətdə meydana buraxıb fasiləyə kimi oynatmaq arzusundaydım. Amma ilk 15 dəqiqədən sonra hiss etdim ki, gənclər hələ elitaya hazır deyillər. Bir az da əsəblərimə hakim ola bilməyib uşaqları əvəzlədim. Düzdü, əsas heyətdən onsuz da 6 oyunçu yox idi. Seçmə komandalara çağırılanlar və zədəlilərimiz var. Buna baxmayaraq, komandanın oyunun taleyini öz xeyrinə həll etdiyi üçün şad oldum. Qələbəyə görə yox, uşaqlar xarakter göstərdiyi üçün sevinirəm. “Şəmkir” də yaxşı komandadır, rəqibi bu cür oyuna görə təbrik edirəm”.

 

Şahin Diniyev Yevlax toplanışının çempionatda komandaya kömək edəcəyini düşünür: “Təlim-məşq toplanışı bizə hava və su kimi lazım idi. Çünki yeni komandayıq, çalışdıq ki, millinin oyunları ilə bağlı yaranan fasilədən istifadə edək. Hazırlıq prosesi üçün Yevlaxı seçməkdə də səhv etmədik. Orada bizə hər cür şərait yaradılmışdı. Toplanış çempionatın startında itirilmiş xalları qaytarmaq üçün faydalı olacaq. Yüksək səviyyədə keçdyimiz məşqlər fiziki cəhətdən axsayan futbolçularımıza da kömək edəcək. “Kəpəz”ə gec qoşulan legionerlər və iyulda zədəli olan Bəxtiyar Soltanov komanda ilə birgə fiziki hazırlıq keçməmişdi. Bu təlim-məşq toplanışı onlar üçün böyük irəliləyiş olacaq. Gələcək oyunlarda bu özünü göstərəcək”.

Xəbər xətti