"Futbolçu universal olmağı bacarmalı, bütün mövqelərdə çıxış etməyə hazır olmalıdır"

16:05 - 7 Sentyabr 2015

"Verilən bütün tapşırıqları yerinə yetirməyə çalışdıq"

 

“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin dəvəti ilə əvəzedici heyətdən əsas komandaya çağırılan gənclər artıq “dubl”a qayıdıb. Əsas komandanın Yevlaxda keçirilən təlim-məşq toplanışında iştirak edən gənclər arasında Rəhman Allahverdiyev də vardı. O, “Şəmkir”ə qarşı yoxlama oyununda da meydana çıxmışdı.

 

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən 19 yaşlı yarımmüdafəçi əsas komandaya çağırılmasından danışıb: “Biz gənclərə etimad göstərib əsas komandaya dəvət etmişdilər. Təlim-məşq toplanışında çox şey öyrəndik. Keçdiyimiz hazırlığı normal qiymətləndirirəm. Verilən bütün tapşırıqları yerinə yetirməyə çalışdıq. Şahin müəllim təcrübəli mütəxəssisdir, yenidən əsas komandaya dəvət alsaq, möhkəmlənmək üçün əlimizdən gələni edəcəyik”.

 

Allahverdiyev üç ildir ki, “Kəpəz”in şərəfini qoruyur. Allahverdiyev bundan əvvəlki iki mövsümdə “sarı-göylər”in heyətində birinci divizionda çıxış edib. Universallığı ilə seçilən futbolçu müdafiə və yarımmüdafiə xəttində oynaya bilir: “Hər bir futbolçunun aruzusu elitada çıxış etmək, əsas heyətdə oynamaqdır. Bizə verilən şansdan maksimum istifadə edib özümüzü doğrultmalıyıq. Meydanda məni məşqçilər ayrı-ayrı mövqelərdə sınayıb. Harada uyğun görüblərsə, orada da layiqincə oynamağa çalışmışam. Futbolçu universal olmağı bacarmalı, bütün mövqelərdə çıxış etməyə hazır olmalıdır. Məşqçi nə deyirsə, onu etməliyik”.

Xəbər xətti