"Bakı" növbəti oyuna itkilərlə hazırlaşır

14:03 - 23 Sentyabr 2015

III turun matçı üçün...

 

I divizionda çıxış edən “Bakı” hazırlıqlarını davam etdirir. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Bakı" növbəti turda MOİK-lə qarşılaşacaq. “Zolaqlılar” gündəlik məşqlərlə qarşıdakı görüşə hazırlaşır. 

 

Komandanın növbəti məşqi bu gün baş tutub. Saat 11:10-da başlayan hazırlıq prosesi yüngül qaçış və isinmə hərəkətləriylə start götürüb. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra dartınma hərəkətlərini də icra edən futbolçular, daha sonra baş məşqçi Novruz Əzimovun tapşırığına əsasən ötürmə və komanda hərəkətlərinə yönəlik məşqlər üzərində məşq edib. Diqqətçəkən məqam odur ki, baş məşqçi özü də son tapşırıqda komanda ilə birgə çalışıb. 

 

Qeyd edək ki, zədəsini müalicə etdirən Raul Yaqubzadə və Qeyrət Əliyev hazırlıqda iştirak etməyiblər. 

 

Ötən tur “Neftçala”ya uduzan “Bakı” “hərbçilər”lə matçda ardıcıl ikinci ev qələbəsini qazanmaq arzusundadır. Xatırladaq ki, “zolaqlılar” ilk turda “Şərurspor” üzərində əzmkar qələbə qazanıb - 2:1. 

 

Əlavə edək ki, “Bakı” - MOİK görüşü sentyabrın 25-də keçiriləcək. “Bakı”nın bazasında baş tutacaq qarşılaşma 16:00-da start götürəcək.

Xəbər xətti