Tərlan Əhmədov: "Bu gün düşərgəyə iki oyunçu gəlib"

19:41 - 23 Noyabr 2015

"Qışdan sonranın planlarını da qururuq"

 

“Oyunla bağlı deməyə çox sözüm yoxdur. Düşünürəm ki, ilk hissədə komandam arxayın davrandı. Bəlkə də “İnter”dən rahat xal alacağımızı düşünürdülər, amma futbol bunu qəbul etmir. İkinci hissədə toparlansaq da, nə isə edə bilmədik. Ümumiyyətlə, biz uşaq səhvlərindən sonra qollar buraxırıq. Hərdən düşünürəm ki, belə səhvlər ola bilərmi?"

 

Sportal.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 13-cü turunda "İnter" matçdan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Təcrübəli mütəxəssis polislərlə baş verən mübahisənin səbəbinə də aydınlıq gətirib: "Bütün bunlara baxmayaraq, həyat davam edir. Biz səhvlərimiz üzərində işləməli və problemi aradan qaldırmalıyıq. Oyundan sonra ciddi bir şey olmadı. Sadəcə, polislə rəhbərlik arasında kiçik insident yaşandı. Hər halda, polis klub rəsmisini tanımaya bilər. Amma həmin yerdə AFFA-dan bir  nümayəndə olarsa, belə bir problem yaşanmaz. Eyni zamanda, klub rəsmilərini tanıyan klub nümayəndəsi də bu problemi aradan qaldıra  bilər".

 

Tərlan Əhmədov düşərgəyə yeni futbolçuların qoşulduğunu qeyd edib: "Futbolçularımın fərdi səhvləri var. Eyni zamanda, oyunlar vaxtı səviyyə fərqi öz sözünü deyir. Futbolçular I Divizion əhval-ruhiyyəsindən çıxmalıdırlar. Biz artıq qışdan sonranın planlarını da qururuq. Artıq bu gün düşərgəyə iki oyunçu gəlib, onların durumuna baxacağıq. Hadisələrin necə inkişaf edəcəyini isə zaman göstərəcək”.

Xəbər xətti