Tərlan Əhmədov: "Oyun vaxtı futbolçu rəqibinə dirsək vurursa..."

17:37 - 2 Dekabr 2015

"Qaydalar nə tələb edirsə, elə edin"

 

“İlk növbədə “Zirə”ni təbrik edirəm. Maraqlı oyun alındı, komandamın sərgilədiyi futboldan zövq aldım. Qeyd etməliyəm ki, zədəli futbolçularımız çoxdu. Düşünürəm ki, öz səhvlərimizdən qollar buraxdıq. Lakin azlıqda qalmağımıza baxmayaraq, qol vurmağımız məni sevindirdi".

 

Sportal.az xəbər verir ki, bu fikirləri Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Zirə" ilə matçdan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Təcrübəli çalışdırıcı 1 - 2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərinə belə davam edib: "Oyunu unudub, çempionata köklənməliyik. Çünki bizi qarşıda 4 çətin oyun gözləyir. Bu oyundakı səhvləri qarşıdakı görüşlərdə təkrarlamamağa çalışacağıq. Oyun vaxtı futbolçu rəqibinə dirsək vurursa, üstünlük prinsipi mənim nəyimə lazımdır? Gəncədə Fariz Yusifov istədiyini elədi, oyundankənar vəziyyətdən bizə qol vurdular.  Mən oyundan öncə hakimə deyirəm ki, qaydalar nə tələb edirsə, elə edin. Misal üçün “Sumqayıt”la oyunda qapımıza penalti verdilər, etiraz etmədim”.

Xəbər xətti